3-cü taborun atası şəhid mayor - Asif Azayev


Vətən Müharibəsi vaxtı xüsusi döyüş taktikası ilə seçilən və vətəninin bütövlüyü uğrunda canından keçən zabitlərimizdən biri də Asif Azayevdir.
Azayev Asif Məmmədağa oğlu 1985-ci il, 2 fevralda Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. O, 1992-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinfə gedib. 9-cu sinifdə oxuyarkən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. 2007-ci ildə hərbi liseyi bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Akademiyanı leytenant rütbəsi ilə bitirərək cəbhənin ön xəttində xidməti fəaliyyətə başlayıb. Əvvəlcə Tovuzun Ağdam kəndində, daha sonra Murovdağ istiqamətində N saylı hərbi hissələrdə xidmətini davam etdirib. Aprel döyüşlərində fəal iştirak edib. 2018-ci ildən rəhbərliyin göstərişi ilə Müdafiə Nazirliyinin Pirəküşküldə yerləşən N saylı hərbi hissəsində taborun qərargah rəisi vəzifəsinə təyin olunub. Xidməti müddətində fəxri fərmanlar və müxtəlif medallarla təltif olunub. Vətən Müharibəsi başladığı ilk gündən etibarən ön cəbhəyə yollanıb. Bir neçə gün sonra tabor komandiri vəzifəsinə təyin olunub. Onun Füzuli rayonunun və kəndlərinin, Cəbrayıl rayonunun və kəndlərinin azad olunmasında müstəsna xidmətləri olub. Asif Azayev düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Füzuli rayonu işğaldan azad olunduğu vaxt o, düşməndən qənimət kimi əldə olunan hərbi texnikaları özlərinə qarşı istifadə edib. Azərbaycan Ordusunun zabiti tabeçiliyində olduğu komandir və generallar tərəfindən dəfələrlə döyüş meydanında təşəkkür alaraq heyyətə nümunə kimi göstərilib. Döyüş yoldaşları arasında xüsusi rəğbətə sahib olan şəhid mayor Azayev elə onlar tərəfindən “3-cü taborun ATASI” adlandırılıb.

Şəhid Asif Azayev barədə Yeniavaz.com-a danışan qohumu Elgün Abdullayev deyir ki, o, ağır döyüşlər vaxtı tabeçiliyində olan heyyəti itgisiz düşdüyü bütün vəziyyətlərdən çıxararaq, düşmənə sarsıdıcı zərbələr endirib:
“Döyüş yoldaşları deyir ki, döyüşlərdən birində onlar 70 kilometr məsafəni yara-yara irəliləyib, gecə ilə erməni taboruna giriblər. Əslində arxalarından gələn dəstək qüvvəsi zəncir formasında azad olunan yerləri təmizləyə-təmizləyə gəlməli, ondan sonra ordunun təminatları gətirilməli imiş. Asifgili dəstəsi düşmən tərəfin qaçdığını görüb o qədər irəli gediblərmiş ki, bu səbəbdən 3 gün ac-susuz qalıblar. Dəstə əldə etdiyi erməni yeməklərindən yeməyə başlayıb. Asifə də döyüş yoldaşaları təklif ediblər ki, “rəis, yeyirsən?” o da cavabında “bizimkindən var?” deyə qarşılıq verib. Uşaqlar deyəndə ki, “yox, hamısı ermənilərindir”, yenə deyib ki, “mən o şərəfsizlərin yeməyini yemək istəmirəm”. Bir də onu danışırlar ki, Asifgil həmin bu tabora girməmişdən əvvəl yorğun və ac olduqları üçün deyiblər ki, “rəis, gedə bilmirik”. Asif də həm uşaqları geridə qoyub qalmaq istəmədiyi, həm də döyüş tapşırığının yerinə yetirilməsi üçün əllərini önündə cütləyib, qarşılarına keçib deyib ki, “neçə vaxtdır mənimləsiz, bir yerdəyik. Mən sizin hansısa birinizi ölümə göndərmişəm? Tabeçiliyimdə olduğunuz vaxt şəhid olan və ya yaralananız olub?”, hamsı deyib ki, “yox”. Yenidən uşaqlarla danışmağa başlayıb ki, “mənim atam rəhmətə gedib, anam da rəhmətə gedib. Üç balam var, iki qardaşım var. Nəslimizin ağsaqqalı mənəm. Mənə bir şey olsa, ailəm başlı-başına qalacaq. Mən də qorxuram, elə bilirsiz mən qorxmuram? İndiyə kimi sizi tək qoymadım. Yəqin siz də məni tək qoymazsınız. Mən qabağa getməliym. Döyüş tapşırığı var. Getmək istəyən varsa, mənlə gəlsin, gedək”. Həmin an bütün tabor ayağa qalxıb və tapşırığı yerinə yetirməyə gedib. Hansı ki, haldan düşblərmiş. Susuzluqdan dodaqları partlayıbmış, ac imişlər”.

Elgün mayor Azayevin necə şəhid olmasından da danışıb:
“Asif, Füzulinin Ələsgərli kəndinə hücuma keçərkən şəhid olub. Asifin döyüş yoldaşı deyir ki, “Asif sonuncu döyüş tapışırığını yerinə yetirməyə gedərkən qaça-qaça döngədən keçməli imiş. Həmin anda “bircə tez çatsaydıq, bir siqaret çəkib özümüzə gələrdik” deyib, amma çata bilməyib. 12 nəfərdən ibarət zabit və əsgər heyətinin həyatını xilas edib. Həmin vaxt Azayevi snayper nişan alıb”.
Allah rəhmət eləsin!

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top