"Mübariz İbrahimov şəhid olduğu vaxtdan "mən şəhid olacağam" deyirmiş"


Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyrulur ki, Şəhidlik və qazilik Peyğəmbərdən sonra gələn adlardır.
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi. Belə gənclərdən biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Hacıyev Ülvi Şirin oğlu idi.

Hacıyev Ülvi Şirin oğlu 1994-cü il 13 noyabrda  Bakıda ziyalı ailəsində dünyaya gəlir. 141 saylı orta məktəbi əla qiymətlərlə bitirən Ülvi, 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində rus dilində bakalavr təhsili alır. 2016-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA-nın Maliyyə Şöbəsi üzrə təhsilini davam etdirib. Müəllimləri bildirir ki, Ülvi hər zaman ağlı, tərbiyəsi, savadına görə seçilən tələbələrdən olub. Hərbi xidmət dönəmi 2018-2019-cu illəri əhatə edir. Ülvi, Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin Qərb ərazi Baş Gömrük idarəsinin Qırmızı Körpü Gömrük postunda inspektor vəzifəsində xidmət edib. Bakıya yeni təyinat alıbmış ki, müharibə başlayır və o valideynlərindən xəbərsiz könüllü yazılır və "Vətən məni çağırır" deyərək cəbhəyə yollanır. Döyüşdə olduğu müddətcə imkan tapan kimi anasına zəng vurub yaxşı olduğunu, "Zəfər çalacağıq, torpaqlarımızı son qarışına kimi alacağıq" kimi xəbərləri valideynlərinə fəxrlə deyirmiş. Elə ən son videosunda da Ülvi  "İstiqamət Şuşa" deyərək qışqırır və o son səsdə, o son baxışda sevincini, Vətəni, torpağı necə sevdiyini görməmək mümkün deyildi. Ən son ailəsiylə 15 oktyabrda danışır və sonra onunla əlaqə saxlamaq mümkün olmur. 50 gün axtarışlar gedir, hər kəs onun salamat tapılması üçün dua edir, onun yolunu gözləyirdi. Ana heç vaxt ağlına gətirməzdi ki, oğlu şəhid olar. Ülvinin axtarıldığı 50 gündə anası ancaq bir sözü deyirdi: “Oğlum qazi kimi geri gələcək”.Və nəhayət 50 gün çəkən axtarışların sonunda xəbər gəldi. Amma bu bizim gözlədiyimiz xəbər deyildi, hər kəsi sarsıdan, hər kəsi qəm dəryasına aparan bir xəbər idi. Hacıyev Ülvi Şirin oğlu Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Bəli, bu xəbər hər kəsi üzsə də, Ülvi öz arzusuna çatmışdı. Axı o, hələ Mübariz İbrahimov şəhid olduğu vaxtdan deyirmiş "Mən Şəhid olacağam".

Ülvi 2020-ci il dekabrın 6-da II Fəxri Xiyabanda torpağa tapşırılır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Hacıyev Ülvi Şirin oğlu ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif olunur.
Yaxınlarının verdiyi məlumata görə Ülvi hələ 1-ci sinifdə oxuyarkən ağır avtomobil qəzası keçirib. 21 gün komada qalan Şəhidimizi Allah o zaman anasına bağışlasa da bu gün Şəhid kimi öz dərgahına apardı.
Böyük xəyalları var idi, hamısı yarımçıq qaldı. Özündən sonra isə heç bir nişanəsi qalmadı. Yeganə ondan geriyə foto şəkillərdə qalan gülərüz siması oldu.
Şəhidlik əbədiyyət zirvəsidir. Hacıyev Ülvi artıq doğma yurdunun, rayonunun, yaşadığı şəhərin deyil, bütün Azərbaycanın Qəhrəman oğludur. Onun əziz xatirəsi çalışdığı kollektivdə də daim ehtiramla yad ediləcək. İş yoldaşlarının şəhid olması xəbərini üzüntü ilə qarşılayan kollektivin hər bir üzvü eyni zamanda belə cəsur, vətənsevər bir gənclə bir yerdə çalışdıqları üçün qürur hissi keçirirlər.
Hacıyev Ülvi yağı düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün ruhu şaddır. Çünki uğrunda canını verdiyi yurd yerlərimiz azaddır.
Belə bir deyim var ki, Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölür. Odur ki, əziz Gənclərimiz bizim üzərimizə böyük bir missiya düşür, Şəhidlərimizi tanımaq və tanıtmaq. Ülvilərimizin qəhrəmanlıqlarını gələcək nəsillərimizə ötürək.
Məkanı cənnət Şəhidim, Ruhun şad olsun! Sən bizim qəlbimizdə daim yaşayacaqsan.

Jalə Hüseynli,
Zərdab

DİGƏR XƏBƏRLƏR

Top