Şəhid anası: "Oğlumun şəklini boynumdan asıb gəzdirirəm ki ..."


Yeniavaz.com saytının əməkdaşı olaraq tez-tez şəhid valideyinləri ilə görüşür, az da olsa şəhid valideynlərinə təsəllimiz olan yazılarla onların yanında olduğumuzu bildirməyə çalışırıq.
Mingəçevirli 20 yaşlı şəhid Eylasov Cəfər Yavər oğlunun anası Bulud xanımla elə ilk söhbətimiz bu mövzuda oldu. Bulud xanım deyir ki, gözü qapıda qalıb:
"Deyirəm görəsən bizim də qapını açan olacaqmı? Mənim də bircə oğul balam vətən uğrunda şəhid olub”.
Ananın üzünə baxmağa az da olsa cəsarət tapıb ona möhkəm ol deyib  təsəlli veririk. Ana deyir ki, şəhid oğlu barədə mətbuatda yazılan yazılardan təsəlli tapırı:
"Heç olmasa özladlarımız yaddaşlara həkk olur, unudulmur, balamın nişanı, toyu da bayraq oldu, mən fəxr edirəm ki, belə bir oğulun anasıyam. Vətən müharibəsi başlayanda oğlum hərbi xidmətində idi. Oktyabr ayının 2-də xidmətini başa vurub geri qayıtmalı idi. Lakin Vətən müharibəsi başladığına görə, Cəfər də torpaqlarımızın düşmən tapdağından azad olunması üçün XTQ könüllü olaraq yazılır. Bu vətənpərvərlik Cəfərin həm ulu babasından, həm də atasından keçib. Özümüz əslən Qarabağlıyıq. Cəfərin atası Yavər də Birinci Qarabağ döüşlərinin könüllülərindəndir. Cəfər həmişə əsgəri xidmətindən əvvəl deyərdi ki, vaxt gələcək o torpaqlarımız uğrunda gedən döuüşlərdə şəhid olacaq. Heç olmasa ata yurduna ürəkli gedib-gələ biləsiz. Oğlum XTQ yazılmağını bizdən gizlətmişdi. Zəng vuranda deyirdi ki, Bakıdadır. Gəfərgilin dəstəsi Cəbrayılın bir necə kəndinin alınmasında böyük qəhrəmanlıq göstəriblər. Onlar yaxşı döyüşçü olduqlarına görə, Füzuli uğrunda döyüşlərə görə də bunların dəstəsini yenidən Füzuliyə qaytarıblar. Döyüşlər zamanı Aşağı Seyidəhmədlidə 13 post alıblar. Komandirləri ilə birgə 37 nəfər hamsını mühasirəyə düşərək şəhid olublar. Cəfər oktyabrın 5-dən sonra şəhid olub amma ayın axırına qədər neytral zonada qalıb. Dəfni oktyabırın 31-də olub".
Şəhid olmuş oğlu haqqında qürurla danışan ana özünə bir az təskinlik verəndən sonra dedi ki, telefon danışıqlarında oğlu hərbi xidmətdən sonra hərbidə qalıb işləmək istədiyini də bildirib:
"Mən razı olmadım, dedim 1 il yarımdı səni görmürük heç olmasa evə gəl üzünü görək. Sentyabrın 30-u günü 20 yaşı olacaqdı. Ondan bir gün öncə mənə zəng edib dedi ki, ana mənim yoxluğumu bildirməyin ad günümü qeyd edərsiz. Sən demə həmin günü artıq o cəbhədə imiş amma mənə bildirməyib. Sonra ayın 5-də bir də məni yığdı. Dedim, bala gündə bircə dəfə məni yığ rahat olum. Dedi, ana, mən hardayam ki? Bakıdayam narahat olma. Mən bilsəydim bu onun son danışığıdı saatlarla danışdırardım. Nə biləydim ki... İndi oğlumun şəklini boynumdan asıb gəzdirirəm ki, məndən onu soruşanda deyim ki, oğlum budur”.
Qeyd edək ki, Cəfər ölümündən sonra “Vətən uğrunda" medal və “Füzulinin azad olunmasına" görə medalı ilə təltif olunub. Allah rəhmət eləsin.
Qeyd edək ki, əsgər Elyasov Cəfər Yavər oğlu 769 nömrəli hərbi hissənin komandiri, kapitan Bayram Hüseynov tərəfindən Azərbaycan Respublikasının Suverenliyi, bərpası və “Vətən Müharibəsində" göstərdiyi sücaətə görə fəxri fərmanla təltif olunub. Bundan başqa xidmətdən öncə idmanla məşğul olan vaxtda YAP Mingəçevir şəhər təşkilatı tərəfindən də fəxri fərmanlarla təltif olunmuşdu.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top