Pul verə bilməyən sahibkar MTN əməkdaşlarının evlərini təmir edib

“200 min manat gətirəcəyim təqdirdə azadlığa buraxılacağmı dedi. Məbləği eşidincə gülmək tutdu, o qədər pulum olmadığını, cəmi 3 min manat verə biləcəyimi söylədim. MTN əməkdaşı isə nazirlikdə alınan məbləğin 50 min manatdan başlandığını bildirdi”.

Bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan sahibkar Sabir Fərzəliyev deyib.

MTN işi üzrə zərərçəkmiş şəxslərdən biri də sahibkar Sabir Fərzəliyev olub. Zərərçəkmiş istintaqa verdiyi ifadəsində 1990-cı ildən Rusiyada istehsal olunmuş avtomobillərin ehtiyat hissələrini alıb ölkəyə gətirərək mağazalara payladığını, Bakı-Sumqayıt yolunda yerləşən “Ovqat” restoranında otaq icarəyə götürərək ofis kimi istifadə etdiyini deyib. 2015-ci ilin yaz aylarında sürücüləri Fikrət Teymurxanov və Zamin Məhərrəmovla işdə olarkən dörd nəfər mülki geyimli şəxs ofisə gəlib. Onlardan biri - Natiq Alıyev MTN-in xidməti vəsiqəsini göstərərək nazirliyin şöbə rəisi olduğunu deyib. Elə bu zaman daha dörd nəfər içəri daxil olub. Natiq Alıyev ofisdəki sənədləri, kompüterləri götürəcəklərini , özlərini isə nazirliyə aparacaqları deyib və sahibkarın telefonunu əlindən alıb. S.Fərzəliyev N.Alıyevin qara rəngli “Audi Q7” markalı avtomobilində, işçiləri isə digər avtomobillərlə nazirliyə aparılıb. Orada iş adamının izahatı alınıb, sahibkarlıq fəaliyyəti ilə bağlı suallar verilib. N.Alıyev sahibkara “sən Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub külli miqdarda dövlət əmlakını mənimsəmisən, malları qaçaq yolla ölkəmizə gətirirsən” deyib. S.Fərzəliyev belə bir halın olmadığını, gətirdiyi avtomobil hissələrinə görə qanunla qoyulan rüsumları ödədiyini, heç vaxt qaçaqmalçılıqla məşğul olmadığını bildirib. Buna baxmayaraq, N.Alıyev konkret olaraq ona axşam saat 6-ya kimi 200 min manat gətirəcəyi təqdirdə azadlığa buraxılacağını qeyd edib. Sahibkar sözügedən məbləği eşidincə gülüb, o qədər pulu olmadığını, cəmi 3 min manat verə biləcəyini söyləyib. Bu dəfə isə sahibkarın cavabı MTN əməkdaşında gülüş doğurub. O, adıçəkilən qurumda alınan məbləğin 50 min manatdan başlandığını vurğulayıb.

İş adamının MTN tərəfindən “aparıldığını” öyrənən dost-tanışı onun xahişinə çıxıb. Uzun müddət tanıdığı, Gömrük Komitəsində qaçaqmalçılığa qarşı mübarizə idarəsində işləyən Malik adlı tanışı Natiq Alıyevə zəng vuraraq onun azad olunmasını xahiş edib. Saat təxminən 20:00 radələrində Natiq Alıyev sahibkarın saxlanıldığı otağa gələrək “gedə bilərsən, pul lazım olmadı” desə də, ertəsi gün “Sultan” kafesinə gəlməsini tapşırıb. İş adamı sürücüləri ilə birlikdə nazirliyi tərk edib. Gedərkən sənədləri və kompüterləri də özü ilə götürüb. Ertəsi gün “Sultan” kefesinə gələn sahibkar orada N.Alıyevlə görüşüb. MTN əməkdaşı ona hazırda tikilən evi üçün material lazım olduğunu, həmin materialları almağa köməklik göstərməsini istəyib. S.Fərzəliyev məcbur olub onunla razılaşıb. Bir qədər keçmiş Fizuli Əliyev də özünü yetirib. N.Alıyev F.Əliyev üçün də taxta almasını xahiş edib. Hətta tikilən evin mühəndisi ilə əlaqə saxlayıb görüşməsini məsləhət görüb. Kafedən çıxandan sonra N.Alıyevin dediyi mühəndis sahibkara zəng vurub. Onlar görüşüb birlikdə “Dərnəgül bazarı”na gediblər. Mühəndis bazarda taxta və digər materiallar sifariş verib, alınan materialların pulunu S.Fərzəliyev ödəyib. Materiallara 7 min manat ödəyən sahibkar onların hara aparıldığını bilməyib.

Bu hadisədən bir neçə ay sonra N.Alıyev yenidən iş adamına zəng vurub, onunla ofisdə gorüşüb. Birlikdə yemək yeyiblər. N.Alıyev bu dəfə Badamdar qəsəbəsində olan evinə taxta materialları lazım olduğunu, mühəndislə əlaqə saxlamasını məsləhət görüb. İş adamı iki gün sonra mühəndislə telefonda danışarkən materiala nə qədər pul lazım olduğunu soruşduqda “hamısı bir yerdə 25 min manat tutur” cavabını eşidib. Ona bir neçə gün gözləməsini tapşıran sahibkar yenə də dostu Malikə müraciət edib, N.Alıyevin ondan 25 min manatlıq tikinti materialı almasını tələb etdiyini deyib. Malik isə heç nə almamasını, N.Alıyevlə özü danışacağını söyləyib. Bir qədər keçmiş isə N.Alıyev özü zəng vuraraq ona heç nəyə ehtiyac olmadığını bildirib.

Amma həmin ilin payızında sahibkara MTN-dən növbəti zəng gəlib: ”Zəng vuran özünü Teymur adlı MTN əməkdaşı kimi təqdim etdi, nazirliyə gəlməyimi tapşırdı. Ertəsi gün MTN-ə getdim. Dünən zəng gələn nömrəyə zəng vurdum, cavab vermədi. Nazirliyin qarşısında uzun müddət tanıdığım MTN əməkdaşı olan Rəsulu gördüm, nə üçün gəldiyimi xəbər aldı. Ona Teymur tərəfindən çağırıldığımı söylədim. Təxminən on dəqiqə sonra Teymur özü zəng vurdu, mənə çıxıb getməyi tapşırdı. Bundan sonra Rəsul zəng vurub Arsen adlı erməni ilə əlaqəm olub-olmadığını soruşdu. Milliyyətcə çeçen olan Arslan Yekayevlə biznes əlaqələrimin olduğunu, onu hamının “Arsen” deyə çağırdığını, telefon danışıqları zamanı mən də ona bu cür müraciət etdiyimi söylədim”.

Zərərçəkmiş qismində dindirilən Zamin Məhərrəmov istintaqa verdiyi ifadəsində göstərib ki, Sabir Fərzəliyevin yanında sürücü işləyib: “Məndən başqa Fikrət Teymurxanov da Sabir müəllimin yanında sürücü işləyirdi. 2015-ci ilin yaz aylarında ofisdə yemək yeyən zaman qapı qəflətən açıldı, içəri mülki geyimli şəxslər daxil oldular, bizi MTN-ə apardılar. Sabir müəllimi başqa otağa apardılar, biz isə foyedə gözlədik. Nə məndən, nə də ki Fikrət Teymurxanovdan izahat almadılar, bizə sual vermədilər”.

Digər zərərçəkmiş Fikrət Teymurxanov da istintaq zamanı eyni məzmunlu ifadə verib.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Həmin iş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 19-da başlayacaq. İşə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Yasamal rayon Məhkəməsində baxılacaq.

Təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top