Rembo ləqəbli döyüşçü: "Hollivud filmlərinin gerçəyi cəbhədə idi" - FOTO


44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı, həm də bəlkə heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri Mingəçevirli Rembo ləqəbli Fariz Əlizadə, digəri isə Ülvi Kərimovdur. Döyüşçülərin hər ikisi də HTech Invest şirkətinin (Mingəçevir kompüter zavodu) işçiləridir. Bu günlərdə qazilərimiz ordudan təxris olunaraq saq-salamat evlərinə qayıdıblar. Biz onlarla iş yerində görüşdük. Onlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək şəhidləri ziyarət edib, onlara "qanınızı almışıq" deyərək öz vəfa borclarını yerinə yetirdiklərini bildiriblər. Qeyd edək ki, qəhrəman döyüşçülər həm də işlədikləri şirkətin ən intizamlı və nümunəvi işçiləri olublar. Bu barədə məlumat verən şirkətin rəhbəri Vidadi Məhərrəmov işçilərinin sağ-salamat qayıdıb gəldikləri üçün qurban kəsərək iş yerlərində az təminatlı ailələrə paylayıb.Vidadi Məhərrəmov öz işçiləri ilə qürur duyduğunu bildirdi və qeyd etdi ki, döyüşə gedən hər iki işçimiz cəbhədə olan müddətdə biz mütamadi olaraq onların ailə üzvlərini ziyarət etmişik, onların gəldiyini eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Hətta onların əməyini qiymətləndirmək üçün hər birinin əmək haqqı kartına 2000 AZN məbləğində pul ödənəcək”.
Rembo ləqəbli Fariz Əlizadə bizimlə həmsöhbət olaraq cəbhədəki təəssüratlarını Yeniavaz.com-la bölüşdü. Bildirdi ki, 21 sentyabrda səfərbərliyə alınıb və 27 sentyabrdan etibarən Azərbaycan Respublikasının erməni təcavüzünə qarşı apardığı mübarizədə Talış, Suqovuşan, Ağdərə, Hadrut, Laçın, Qubadlı istiqamətlərində  gedən döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərk torpaqlarımızın erməni işğalından azad olunmasında iştirak edib. Qarabağ döyüşçüsü cəbhədə olarkən ən ağır döyüşləri belə xatırlayır:
"Döyüş asan deyil, ağırdır, amma ən ağırı döyüş yoldaşlarımızın yanımızda şəhid olmasıdır. Gözümüzün şahidi olduq ki, döyüşçülərimizin hamısında ruh yüksəkliyi vardı. Çox sevindirici haldır ki, artıq Qarabağ problemi yoxdur. Bir gənc kimi qınaq altında yaşamaqdan utanırdıq. İndi şükürlər olsun ki, torpaqlarımız azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz şəhidləri alnıaçıq, üzü ağ ziyarət etdik. Rembo ləqəbini mənə yoldaşlarım vermişdi. Deyərdim ki, Hollivud filmlərinin gerçəyi cəbhədə idi. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Yanımızda göyçaylı 20 yaşlı gənc  yoldaşımız şəhid oldu. O da məni həmişə Rembo deyə çağırırdı. Onun döyüş bölgəsindən çıxarılma anında ağır artirelliya atəşi vardı. Şəhidi aparanda üstümüz silahlı idi. Orda olan döyüşlərimizi yoldaşlarımız Hollivud filmlərinə bənzətmişdilər. Deyərdim ki, igid döyüşçülərimizin hərəsi bir film qəhrəmanı idi. Cəbhədə yaşanan anlardan çox danışmaq olar. Qürurverici anlar yaşandı. Şəhidlərimizin valideyinləri qarşısında baş əyirik. Şəhidlik ölüm üzərində qalibiyyətdir. Mən deyərdim ki, uğrunda can verməyə on minlərlə övladı olan Vətən heç zaman məğlub olmaz!
Biz, hər ikimiz şirkətimizin rəhbərliyinə minnətdarlıq edir və bildiririk ki,cəbhədə olduğumuz müddətdə və gəldiyimizdən sonra da rəhbərliyimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq".
Fariz Əlizadə "Laçının azad olunması uğrunda" medalı ilə təltif edilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top