"ABŞ-ın yeni administrasiyası Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xarici siyasətin əsas hədəfi kimi qarşıya qoymamalıdır". Bu barədə ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol "Foreign Policy" nəşrində gedən məqaləsində qeyd edib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə Makfol məqaləsində yazır ki, diplomatiya populyarlıq üçün yarış deyil: "Rusiya ilə yaxşı əlaqələrin qurulması ABŞ üçün əsas məqsəd olmamalıdır. Əlaqələrin yaxşılaşdırılmasına ilk növbədə Amerikanın təhlükəsizliyinin təmini və ölkənin iqtisadi inkişaf baxımdan daha da çiçəklənməsi vasitəsi kimi baxılmalıdır".
Makfol məqaləsində Trampa xarici siyasətin necə qurulmasını nəzərdə tutan 7 təklif verib. O bu təkliflər sırasında ABŞ-ın NATO ilə əlaqələrini möhkəmləndirməsi, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması üçün onun qarşısında konkret şərtlər qoyulması, Ukraynada islahatların həyata keçirilməsinə dəstək verilməsini və Suriyaya münasibətdə Kremli dəstəkləməkdən vaz keçilməsini, ölkənin kiberhucumlardan təhlükəsizliyinin möhkəmləndirilməsini önə çıxarıb. Makfol həmçinin ABŞ-ı NATO və postsovet məkanı ölkələrində liberal dəyərlərin müdafiəsi sahəsində həyata keçirilən tədbirləri genişləndirməyə çağırıb.