Zəngilanın işğaldan azad olunmasını məruzə edən şəhid polkovnik - FOTOLAR


Anar Əliyev 1980-ci avqustun 28 də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Atası və anası ingilis dili müəllimi işlədiyi üçün onun 1 yaşı olanda onlar təyinatla Ağdərə rayonunun Göyarx kəndinə köçüblər. Bir müddət orada yaşayıblar. Anar Əliyev ilk təhsilini də bu kənddə alıb. 1988-ci ildə məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndinə gəliblər. Təhsilini burada davam etdirib. Kiçik yaşlarından hərbə böyük marağı olan Anar Əliyev, ali təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində alıb. Azərbaycan Ordusunun zabiti iş həyatına başladığı gündən yalnız kəşfiyyat briqadasının tərkibində yer alıb. İlk dəfə 2001-ci ildə Bakıda N saylı kəşfiyyat briqadasında leytenant kimi işə başlayıb. Sonra təyinini Salyan rayonuna alıb. Şəhadətə ucalan günə kimi isə (6 il) xidmətini Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində davam etdirib. 
Anar Əliyev 2008-ci ilin yanvar ayında kapitan, 2012-ci ilin iyununda mayor, 2015-ci ilin iyununda vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb. 5 dil (azərbaycan, türk, ingilis, rus, erməni) bilən Azərbaycan Ordusunun yüksək rütbəli zabiti mütəmadi olaraq xarici ölkələrdə kurslarda təlimərdə iştirak edib. O, hər dəfə bu sahədə özünü daha çox yetişdirib.
2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərliyi Anar Əliyev edib. Həmin təlimdə Azərbaycan birincilik əldə edib.

Anar Əliyevin xidməti boyunca aldığı medallar:
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı,
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı,
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı,
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı,
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı,
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı,
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı,
"Vətən uğrunda" medalı
2018-ci ildə Naxçıvanda gedən "Günnüt" döyüşündə göstərdiyi qəhrəmanlığa görə o, "Şücayətə görə" medalı ilə təltif olunub.
Polkovnik Anar Əliyev ikinci Fəxri Xiyabanda dəfn olunub.
Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Anar Əliyev haqqında Yeniavaz.com-a danışan ömür-gün yoldaşı Vüsalə Əliyeva onun həyat və döyüş yoluna nəzər salmağımıza köməklik etdi. 
"Anargil müharibəyə Naxçıvandan oktyabrın 11-i gedib. Döyüşə ilk Füzuli istiqamətindən başlayıblar. Hadrut, Cəbrayıl, Xocavənd, Qubadlı Zəngilan bu istiqamətlərində irəliləyiblər. Ən çətin yüksəkliklərin alınmasında itkisiz, yaralısız tapşırığı özü şəxsən öndə gedərək rəhbərlik edib. Sonuncu döyüşü isə Xocavəndin Tuğ yüksəkliyi olub. Şuşaya gedən yolun açarı məhz oradan keçirmiş. İki dəfə ard-arda yaralanıb. Anar əvvəl qolunda, sonra göz nahiyəsindən yaralanıb. Hardasa 2-3 saat yaralı olub. Yenə də tapşırıq verib ki, yüksəkliyi düşmənə verməyin. Bundan əvvəl Anar 2018-ci ildə Naxçıvanda gedən "Günnüt" döyüşündə iştirak edib. Həmin vaxt 3 ay evə gəlməmişdi. Bu insan 23 il Vətənə misilsiz xidmət edib. Elə şeylər var ki, məxfidir. Müharibənin başlanmasını çox istəyirdi”.
Vüsalə xanım deyir ki, həyat yoldaşı Anar Əliyev heç kəsi incitməyi sevməzmiş:
“O, olduqca mərhəmətli, xeyirxah, mehriban, şərəfi, namusu mənliyi olan əsl insan, qəlbində Vətənə böyük sevgisi olan zabit idi. Bilirsiz onun haqqında günlərlə danışsaq qurtarmaz. Mən, onun ailəsi qohumları, iş yoldaşları, dostları onunla qürur duyuruq. “Dolu” adlı bir filmimiz var. Orda bir səhnədə deyilən ifadə çox xoşuma gəlir. "Müharibədə 3 cür insan olur. Tank belində şəkil çəkdirənlər, müsahibə verənlər və vuruşanlar. Bəli, mən fəxr edirəm ki, Əliyev Anar vuruşanlardan olub". Bu gün kimlərsə övladları üçün bahalı maşın, pullar, ev qoyub gedir. Amma Anar öz övladlarına, hətta gələcək nəsilinə milyonla pulun ala bilməyəcəyi, bitməyən sərvət "qəhrəman"lıq adı qoyub gedib. Hər zaman başımız ucadır”.
Vüsalə Əliyeva həmçinin bildirir ki, Anar Əliyev, Zəngilan rayonunun işğaldan azad olunmasını Ali Baş Komandana məruzə edən zabitimizdir. 
Anar Əliyevin dostlarından birinin onunla bağlı redaksiyamıza təqdim etdiyi yazını diqqətinizə çatdırırıq:




Qeyd edək ki, Vətən Müharibəsindəki yolçuluğu cəmi 10 gün davam etsə də, döyüşlərdə böyük şücaət göstərdiyi üçün Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən Anar Əliyev, "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda" və "Şuşanın işğaldan azad olunması" medalları ilə təltif olunub.​





Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top