“Anamla danışanda kövrəlirəm, döyüşə gedə bilmirəm” - Şəhid Elnur Qəmbərovun sözləri


İşğal altında olan torpaqlarımızın azad olunması üçün başladılan Vətən Müharibəsi vaxtı şəhid olan qəhrəmanlarımızdan biri də “Pekaşnik” ləqəbli şəhidimiz Elnur Qəmbərovdur.
Döyüş yoldaşları tərəfindən bu ləqəblə çağırılan Elnur Qəmbərov 8 iyun, 1990-cı ildə Beyləqan rayonunun Şərq kəndində dünyaya gəlib. Ailədə 4 uşaq olublar. 1996-cı ildə orta məktəbə daxil olub. 2017-ci ildə orta məktəbi bitirib. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətə gedib. Elnur Qəmbərov vətən qarşısında xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi bu sahədə qulluq etmək istəyib. Amma valideynləri etiraz etdiyi üçün evinə geri qayıdıb. 2016-cı ildə ailə həyatı qurub. 2 övladı var - qızının 3, oğlunun 5 yaşı var.

Yeniavaz.com xəbər verir ki, şəhid Elnur Qəmbərovun haqqında bacısı Elnurə Hüseynova məlumat verib:
“Elnur layiqli övlad, etibarlı qardaş, gözəl ata və həyat yoldaşı idi. Qardaşım bizim xəbərimiz olmadan müharibəyə getmək üçün könüllü ordu sıralarına yazılmışdı. Biz onu 29 sentyabrda yola saldıq. İlk Ağcabədiyə gediblər. 2 gün orada qalandan sonra Füzuliyə, oradan da Cəbrayıla gediblər. Cəbrayıl azad olunandan sonra Qubadlıya gediblər. Oktyabrın 24-ü axşam 6-7 radələrində açıq döyüşdə şəhid olub. Yerini demirdi. Bizi həmişə arxayın salırdı ki, narahat olmayaq, o arxadadır. Sən demə Elnur ən öndə imiş. Müharibə getdiyi ərəfədə cəmi 2 dəfə bizlə telefonda danışıb. Sonradan döyüş yoldaşları gələndə mən onlara sual verdim ki, “Bəs nə üçün evlə danışmırdı? Biz heç, ailəlidir, ailəsi ilə danışardı”. Onlar mənə dedilər ki, “Bacı, biz heç birimiz danışa bilmirdik. Vaxtımız yox idi, set yox idi, telefonumuzun enerjisi olmurdu, sönürdü. Gərək yanımıza maşın gələrdi ki, telefonumuz enerji toplayardı”. Silahdaşlarının sözlərinə görə, Elnur  deyirmiş ki, “Anamla danışanda kövrəlirəm, döyüşə gedə bilmirəm”. Orada uşaqları üçün çox darıxırmış, əsas da qızı üçün. Bilirsiz mənim qardaşım sakit uşaq olsa da, çox qorxmaz idi. Niyəsə oradan gələnlər qardaşımdan çox danışmır. Bir onu deyirlər ki, Elnura döyüş yoldaşları “pekaşnik” ləqəbi veriblər. Şəhid olanda da deyiblərmiş ki, “pekaşnik” şəhid oldu”.

Elnurə xanım deyir ki, evin tək uşaqları ön xətdən çıxarılan vaxt Elnurun da geri çəkilməsi tələb olunsa da, o geri çəkilməyib. Elnur həmin vaxt işlətdiyi AK silahını PK ilə əvəz edərək deyib ki, “mən bundan istəyirdim”.
Elnur Qəmbərov 25 oktyabrda rayonun əksər şəhidlərinin dəfn olunduğu Beyləqan rayonunda “Peyğəmbər ziyarətgahı” adlı yerdə dəfn olunub.
Qeyd edək ki, o, şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!





Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top