Baş Prokurorluq: "67 milyon manatlıq əmlaka həbs qoyulub"

Yanvarın 6-da Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov qeyd edib ki, hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib. Göstərilən müddətdə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin sayı 2015-ci illə müqayisədə 25 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı 3 hadisə azalıb.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dövlət və özəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlər üzrə vurulmuş 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Xüsusilə vurğulanıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilmiş, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Hesabat dövründə respublikada ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində yüksək peşəkarlıqla yekunlaşdırılıb. Belə ki, qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmış, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib. Bildirilib ki, çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, 2016-cı ildə aparılmış xidməti yoxlamalar nəticəsində 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 9 nəfər prokurorluq orqanlarından xaric edilib.lent.az

DİGƏR XƏBƏRLƏR

Top