Ramiz Mehdiyev institutun fəaliyyətini sərt tənqid etdi - Direktor və 4 nəfər vəzifədən azad olundu


Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
İclasda Ramiz Mehdiyev institutun fəaliyyətini sərt tənqid edib:
"Bir zamanlar görkəmli alim Həsən Abdullayevin rəhbərlik etdiyi Fizika İnstitutu öz elmi nəticələri ilə keçmiş sovet məkanında böyük nüfuz qazanmışdı və Azərbaycan elminin flaqmanlarından hesab olunurdu. Dövlət büdcəsindən ayrılan maliyyə qarşılığında müəssisədə müstəqillik dövründə heç bir ciddi tətbiqi və fundamental tədqiqatlar aparılmayıb".
AMEA prezidenti institutda yaranmış mövcud vəziyyətin akademiyanın və Azərbaycan elminin nüfuzuna mənfi təsir etdiyini bildirib.
İnstitutun rəhbər heyətindən əlavə, həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. İnstitutun bir sıra əməkdaşları isə işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.
Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top