44 günlük Vətən müharibəsində şücaətlik göstərərək şəhidlik zirvəsinə ucalan qəhərmanlarımızdan biri də Qədirli İsmayıl Elçin oğludur.
O, 16.09.1998-ci ildə Biləsuvar şəhərində anadan olub. 2004-cü ildə Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin birinci sinfinə gedib və elə həmin məktəbi bitirib. 2013 ildə taekvondo idman növü ilə məşğul olmağa başlayıb. Lakin, ayağında yaranan problemə görə bu idman növünü davam etdirə bilməyib. İsmayıl kiçik yaşlarından zəhmətkeş olub və asudə vaxtlarını nəsə ixtira etməyə sərf edib. O, 2017-ci ildə hərbi xidmətə yollanmış və orda da hər kəsin sevgisini qazana bilmişdi. Hətta nizam-intizamına, ailə tərbiyəsinə görə xidmət etdiyi hərbi hissə komandiri ailəsinə təşəkkürnamə göndərmişdi. Hərbi xitməti başa vurduqdan sonra İsmayıl 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində könüllü işçi kimi fəaliyyət göstərməyə başlayıb. 27.09.2020-ci il tarixində Vətən müharibəsinin başlaması İsmayılın daxilində olan Vətən sevgisini oyadıb və o, Ordu sıralarına qoşulub.
22 yaşlı şəhidin anası Tamella Hüseynova Yeniavaz.com-a açıqlamasında İsmayılın evdən xəbərsiz könüllü olaraq müharibəyə getdiyini bildirdi: “Bir dəfə İsmayıl işdə olan zaman telelefonla danışdıq. Onun kefsiz olduğunu hiss etdim, səbəbini soruşanda hər şeyin normal olduğunu bildirdi. Başında tez-tez ağrılar olduğu üçün soruşdum ki, başının ağrısı yenə tutub. O isə ağlayaraq “Ana, dostum şəhid oldu”, dedi. Sonra Biləsuvarda görüşərik, deyib sağollaşdı. Dostunun şəhid olması o vaxt onu çox üzmüşdü. Ertəsi gün İsmayıl Bakıdan Biləsuvara, evə gəldi və yol yorğunu olduğu üçün yatdı. Mən şəhərdən evə gələndə, oyanıb mənimlə görüşdü. Dostunun yasına gedib-getmədiyini soruşdum. Getdiyini bildirdi. Daha sonra Bakıya qayıdıb-qayıtmayacağını soruşdum. O isə getməyəcəyini, bəlkə çağırış gələr deyə işdən bir həftəlik icazə aldığını dedi.
İsmayılın şəhid olacağını sanki öncədən hiss etmişdim və ona yuxuda gedişini gülə-oynaya, gəlişini bayraqlı tabutda gördüyümü dedim. O çox dəliqanlı oğlan idi, bilirdim ki, döyüşə getsə özünü irəli verəcək. Dedim ki, sən də bu Vətənin bir parçasısan, nə vaxt çağırış gələr onda gedərsən. Bildirdi ki, yaxşı, çağırış gələndə gedəcəm. Soruşdum ki, İsi sənin ürəyində heç arzun yoxdurmu? Tək bir arzusunun olduğunu dedi, o da qardaşı Elminin toyunu etmək. Ali Baş Komandanın əmri ilə ölkədə qismən səfərbərlik elan olundu və İsmayıl bizdən xəbərsiz adını könüllülər siyahısına yazdırdı”.
Şəhid anasının sözlərinə görə, İsmayıla hərbi komissarlıqdan çağırış gələndə sevincinin həddi hüdudu yox idi: “O, Biləsuvarda 1 həftə qaldı. Çağırış gəlmədiyinə görə, yenidən şəhərə qayıtmalı oldu. Lakin ertəsi gün mənə xəbər etdi ki, hərbi komissarlıqdan çağırılıb, buna görə evə gəlir. İsmayıl iş yoldaşları ilə gəlmişdi. Sanki toyuna hazırlaşırdı, uçmağa qanadı yox idi . Biraz yemək yeyib, geyinməyə başladı. Hər dəqiqə telefona baxırdı ki, birdən zəng edərlər eşitməz. Beləliklə İsmayıl Oktyabrın 9-da cəbhəyə yola düşdü. Deyilənlərə görə o, öz istəyi ilə kəşfiyyat dəstəsinə qoşulub və Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı şəhərləri uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabr 28-də Xocavənd istiqamətində gedən döyüşlərdə başından aldığı qəlpə yarası ilə şəhadətə qovuşub”.
Ürəyinə bala dağı çəkilən ana, qələbə günü oğluna belə bir şeir yazır:
Qələbə sədası yayıldı bu gün,
Hamı bayram edir, edir toy düyün.
Boğazımda kədər, ohh düyün düyün,
Qarabağ bizimdir, sən yoxan İsi.
Atəşlərə atdın dərdli canımı,
İtirdin əməyi, haqqı sayımı.
Vətən uğurunda tökdün qanını,
Qarabağ bizimdir, sən yoxan İsi.
Bu dərdə de necə dözüm ay İsi,
Vurubsan qəlbimə sağalmaz yara.
Keşkə adın hər zaman dillərdə qala,
Qarabağ bizimdir, sən yoxsan İsi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İlahə Hüseynova