Hər gün yanğın xəbərləri... - Səbəb nədir?

İstər Bakıda, istərsə də bölgələrdə baş verən yanğınlar barədə xəbərləri tez-tez alırıq. Hətta elə gün olur ki, ölkə ərazisində bir neçə belə hadisə baş verir. Məsələn, təkcə bu gün saat 15:30 radələrinədək ölkə ərazisində 4 belə hadisə baş verib. Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu gün Ağcabədi rayonu, Hüsülü kəndində vətəndaşa məxsus 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

FHN-nin digər məlumatına görə, bu gün Fizuli rayonunun Dilağarda kəndində vətəndaşa məxsus 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şəmkir şəhərində isə vətəndaşa məxsus istixananın ərazisində talvar, talvarın altında tikilmiş ofisin yanar konstruksiyaları və istixanaya məxsus "VAZ" markalı minik, "QAZEL" markalı mikroavtobus, "ZİL" markalı yük avtomobillərinin yanar hissələri yanıb.

Ağsu rayonunda isə vətəndaşa məxsus birmərtəbəli 4 otaq və mansardan ibarət evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd etdiyimiz kimi, bunlar təkcə bu gün saat 15:30-dək olan yanğın hadisələri ilə bağlı məlumatlardır. Günün sonunda isə belə hadisələrin sayının artacağı istisna olunmur.

Bu zaman belə bir sual yaranır: yanğın hadisələri niyə bu qədər çox olur? Əlbəttə, bunun bir çox səbəbləri var. Əsas səbəblərdən biri də budur ki, xüsusən, bölgələrdə insanlar mənzil daxilindəki elektrik xətlərinin təhlükəsizliyinə bir qədər biganə yanaşırlar. Belə ki, bu gün bölgələrdə elə evlər var ki, 15, 20, 25, 30 il öncə tikilməsinə baxmayaraq, hələ də elektrik xətti yenilənməyib, dəyişdirilməyib. Kənd yerlərində xüsusən, mənzillərin dam hissəsindən keçən elektrik xətləri nəzarətdən kənarda qalır və hətta əriyib istismara yararsız hala düşsə belə, ev sahiblərinin çox vaxt bundan xəbəri olmur. Nəticədə, xüsusən qış aylarında qısaqapanma, elektrik xətlərinin yüklənməsi səbəbindən yanğınlar baş verir.

Bəs mənzildaxili elektrik xətlərinə nəzarət edən hər hansı bir qurum varmı?

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir ki, təmsil etdiyi qurumun əməkdaşlarının kiminsə evinə daxil olub elektrik xəttinə müdaxilə etmək səlahiyyətləri yoxdur.

T. Mustafayevin dediyinə görə, buna görə vətəndaşlar özləri məsuliyyət daşıyırlar: "Həyət evlərində elektrik xətləri damdan keçir. Elə evlər var ki, elektrik xətlərinə illərlə nəzarət edilmir və ya belə deyək, göz önündə deyil deyə nəzarətdən kənarda qalır. Bizim əməkdaşların mənzilinə daxil olub oradakı elektrik naqillərinə müdaxilə etmək səlahiyyətləri yoxdur. Biz elektrik xəttinin sayğacacan olan hissəsinə cavabdehik. Mənzil sahiblərinin özləri tərəfindən müraciət olunduğu təqdirdə isə təbii ki, hər bir vətəndaşa əməkdaşlarımız tərəfindən lazımi köməklik göstərilir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top