ATU-da ilk dəfə valideynlər imtahanların gedişini izləyib

Azərbaycan Tibb Universitetində (ATU) ilk dəfə valideynlər imtahanların gedişini izləyib. ATU-dan verilnə məlumata görə, məqsəd semestr imtahanlarının təşkilində və gedişində şəffaflığı tam təmin etməkdir. Valideynlər imtahan prosesini əvvəldən axıra qədər müşahidə ediblər. Məlumata görə, yanvarın 6-dan etibarən imtahanı izləmək istəyən hər bir valideynə prosesdə iştirak etmək imkanı yaradılıb. İmtahanlar ATU-nun Virtual Test Mərkəzində keçirilib. Sınaqdan öncə Virtual Test Mərkəzinin direktoru Şahin Bayramov və ATU-nun imtahana nəzarət qrupunun rəhbəri Kamandar Yaqubov tələbələrlə görüşüblər, onlara prosesin gedişi, qaydalar və şərtlər barədə ətraflı məlumat veriblər. Valideynlərə bildirilib ki, obyektivliyin qorunması məqsədilə ATU-da imtahanlar insan amili olmadan kompyuterlərdə test üsulu ilə aparılır. İmtahan zamanı hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq sualları cavablandırır və sonda imtahanın nəticəsini görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunur. Valideynlərin özləri də imtahanın keçirilməsini və nəzarət prosesini yaxından izləyiblər. Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Lamiyə Adışirinlinin atası Ələddin Adışirinli prosesdən razı qaldığını bildirib: “Mən imtahanların məhz test üsulu ilə keçirilməsini dəstəkləyirəm. Çünki burada ayrı hansısa kənar qüvvələrin təsirinə, müdaxiləsinə imkan verilmir. Tələbənin üzərinə böyük məsuliyyət düşür. ATU-rəhbərliyinə də təşəkkür edirəm ki, imtahanların obyektivliyi üçün hər cür şərait yaradılıb”. Müalicə-profilaktika fakültəsinin tələbəsi Fəridə Şərifzadənin babası Xəlil Şərifzadə müasir dövrdə aparılan imtahanların daha fərqli və daha şəffaf olduğunu deyib: “Burada yaradılan imtahan sistemindən tamamilə razı qaldım. Əziyyət çəkmək lazımdır ki, bəhrəsini görəsən. Bizim dövrümüzdə imtahanlar daha asan idi, indi isə tələbələrin işi daha məsuliyyətli və çətindir. Sadəcə Azərbaycan dilində yetərincə dərs vəsaitinin olmaması bizi narahat edir. İnanıram ki, rektor bu məsələnin həlli də ilə bağlı addımlar atacaq”. Bu gün ərzində müxtəlif qruplardan olan tələbələr onlara ayrılan 1 saat ərzində 50 test sualını cavablandırıblar. İmtahan zamanı yığıla biləcək ən yüksək bal 50-dir. İmtahanlar zamanı Virtual Test Mərkəzində 220 kompyuter tələbələrin ixtiyarına verilib. Gün ərzində bu mərkəzdə 2500-3000 tələbənin imtahan verməsi mümkündür. ATU-da imtahan sessiyası fevralın 1-dək davam edəcək.Report

DİGƏR XƏBƏRLƏR

Top