Meyiti tapılan bələdiyyə sədri ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB


"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb".
Bu barədə Yeniavaz.com-a İsmayıllı rayon Prokurorluğundan məlumat verilib.
"Bununla bağlı bildiririk ki, yanvarın 6-da saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", prokurorluqdan bildirilib.


6 yanvar, 23:09

Göyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb. 
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonu İvanovka kəndi ərazisindən tapılıb. 
Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək. 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top