Son bir neçə həftədə neftin dünya bazarında qiymətinin artmasına baxmayaraq Azərbaycanda manatın dollar qarşısında dəyərini itirməsi davam etməkdədir. Halbuki dünya bazarında neftin qiymətinin artması manatın dollar qarşısında möhkəmlənməsinə yol açmalı idi. Bəs neftin qiymətinin yüksəlməsinə baxmayaraq manatın dollar qarşısında dəyərini itirməkdə davam etməsi nə ilə əlaqədardır? Bununla bağlı "Yenivaz.com"un sualına cavabında tanınmış iqtisadçı Nazim Bəydəmirli bunun səbəblərindən birinin Azərbaycandan xaricə kapital axını ilə əlaqədar olduğunu söylədi: "Azərbaycandan xaricə kapital axını davam edəcəyi təqdirdə manatın dollar qarşısında dəyərini itrməsi prosesi də davam edəcək. Rusiya və Qazaxıstan kimi neft ixrac edən ölkələrin milli valyutaları dollar qarşısında möhkəmlənməkdə, dəyər qazanmaqda davam edir. Amma Azərbaycandə əksinədir. Çünki qeyd etdiyim kimi ölkəmizdən xaricə kaptal axını var. Bundan əlavə hökumət də büdcə kəsirini aradan qaldırmaq üçün manatın müəyyən çərçivədə dəyərdən düşməsində maraqlıdır. Üstəlik Mərkəzi Bankın bazara kifayət qədər dollar çıxarmaq imkanları da yoxdur. Belə vəziyyət isə neftin qiymətinin qalxmasına baxmayaraq manatın dəyərini itirməsinə gətirib çıxarıb. Bu prosesin nə vaxta kimi davam edəcəyini proqnozlaşdırmaq isə heç də asan məsələ deyil",-dedi.