"Səttar Bəhlulzadə cəmi iki dəfə saçlarını kəsdiribmiş"

Təsviri sənətdə tanınmış mənzərə ustası Səttar Bəhlulzadənin ilk obrazını heykəltəraş Fuad Əbdürrəhmənov yaradıb. Həmin əsərin meydana gəlməsinin isə maraqlı tarixçəsi var. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, ötən əsrin qırxıncı illərində (1947) Bakıda baş tutan sərgilərin birinin açılışında iştirak edən heykəltəraş Fuad Əbdürrəhmanovu 35 yaşlı Səttar Bəhlulzadənin saçlarının uzunluğu cəlb edib: "Hamının diqqəti açılışda çıxış edənlərdə olduğu halda onun gözü tanınmış mənzərə ustasının saçlarında olur. Odur ki, sərginin qırmızı lenti kəsiləndən sonra hamı kimi ekspozisiyaya keçməyib birbaşa Səttarla görüşə tələsir. Rəssamla salamlaşandan və hal-əhval tutduqdan sonra onu səhər saat 3-də emalatxanasına dəvət edir. Ertəsi gün vədələşdikləri vaxtda heykəltəraşın emalatxanasının qapısı döyülür. Fuad Əbdürrəhmanov gələnin Səttar Bəhlulzadə olduğuna əmin olduğundan elə qapıya çıxmadan: "Səttar, gəl içəri!" - deyir. Səttarın qapını açması ilə heykəltəraşın qışqırığı eşidilir: "Adə, sən neyləmisən?!". Səttar da sakitcə: "Nə etmişəm ki?" - deyə cavab verir. Fuad ona: "Axı sənin portretini işləmək istəyirdim!" - deyir. Rəssam bir az təmkinlə: "Bilirəm, sənə kim mane olur ki? İşlə də!" - söyləyir. Hələ də pərtliyini gizlədə bilməyən heykəltəraş: "Necə işləyim? Məni daha çox cəlb eləyən sənin saçların idi!" - deyir. Səttar da halını pozmadan dillənir: "Məgər saçsız işləmək olmaz?" Bu gözlənilməz cavabı eşidən heykəltəraş: "Niyə olmur! Olar, özü də lap yaxşı olar" - deyib işə başlamağı qərar verir. Beləcə görkəmli mənzərə ustasının bu gün R. Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən mərmər portreti (Fuad Əbdürrəhmanov “Səttar Bəhlulzadənin portreti” mərmər, 61 x 33 x 34 sm, 1947-ci il) yaranır. Onu da deyim ki, mənim məlumatıma görə, həyatda 65 il ömür sürmüş Səttar Bəhlulzadə cəmi iki dəfə saçlarını kəsdiribmiş. İlk dəfə 1947-ci ildə, ikinci dəfə isə 1973-cü ildə Moskvada onun üzərində aparılan cərrahiyyə əməliyyatından əvvəl..."

Məlumat üçün bildirək ki, Şəkidə dünyaya göz açan Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutub. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsi, "Azad qadın" və sairə onun ölməz sənət əsərlərindəndir. Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Fuad Əbdürrəhmanov həm də mahir portret ustası kimi tanınıb.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top