Pianoçu ifasını Vətən Müharibəsinə həsr edib - VİDEO


Gənc pianoçu, prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Narmin Nəcəfli Azərbaycan bəstəkarı Adil Bəbirovun "Prelüd-skertso" əsərini səsləndirib. 
Yeniavaz.com xəbər verir ki, pianoçu ifasını 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinə həsr edib.
Nərmin Nəcəfli bildirib ki, müharibə başlayanda Almaniyada idi: “Azərbaycandan çox uzaqda olsam da, baş verənlərin bütün ağrılarını hiss edirdim. Otağımın küncünə çəkilib, üç dildə informasiya müharibəsi aparmağa başladım. O günlərdə illərdir ən yaxın dostum olan musiqi alətinə toxuna bilmirdim. Sonra dərhal Bakıya gəlməyə qərar verdim. Noyabr ayında ölkəmizin Zəfərini öz gözlərimlə görə bildiyim və baş verənlərin şahidi olduğum üçün çox xoşbəxtəm”.
Nərminin səsləndirdiyi əsərin müqəddiməsi elə müharibələrin özü kimi kədərli, hüznlüdür. Lakin sonunda Azərbaycanın zəfəri kimi gur akkordlar səslənir!
O bildirib ki, əsərdə hər şey var: “Kədər, ağrı, nostalji, həyəcan, eyni zamanda Azərbaycan xalqının göstərdiyi mübarizə, qətiyyət, xarakter, cəsarət ruhu, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında cəsarətli ordumuz! Əbədi qəhrəmanlara eşq olsun!”
Xatırladaq ki, Nərmin Nəcəfli Hannover Musiqi, Dram və Media Universitetinin magistrantıdır. Professor Bernd Goetzkenin sinfində  təhsil alır. Gənclər üçün prezident mükafatının sahibi, gənclər mükafatının laureatıdır. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl” kitabına yazılıb.
Qeyd edək ki, musiqi əsərinin ekran variantının üzərində peşəkar yaradıcı qrup işləyib. Layihənin rejissoru Ramil Ələkbərov, operatoru Orxan Qurbanov, montajçısı Anar Bəxtiyaroğlu, səs rejissoru Tural Məmmədli, prodüseri Elnur Cəbrayılov, rəhbəri Abbas Quliyevdir.

DİGƏR XƏBƏRLƏR

Top