
Son günlər yağan yağışlar Bakıda bir çox ərazilərdə yolları, küçələri, evlərin zirzəmilərini, həyətlərini su basması ilə nəticələndi. Lakin bir çox ərazilərdə hələ də su tam çəkilməyib, həyətlərdən nasosla yola axıdılan su bir müddət sonra həmin yerdə yenidən bərpa olur. Xüsusən, Binəqədi rayonunun Xocəsən, Biləcəri, Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələri ərazisində sel suları ətrafa yayılaraq ümumilikdə 5 minə yaxın fərdi yaşayış evini, qeyri-yaşayış obyektlərini və məhəllədaxili yolları basıb. Binəqədi şossesində isə hələ də su tam çəkilməyib. Bəs bu vəziyyətin, yəni suyun gec çəkilməsinin paytaxt ərazisində göllərin qurudulub yerində yaşayış evlərinin və ya digər təyinatlı obyektlərin tikilməsi ilə əlaqəsi ola bilərmi? Ümumiyyətlə, göllərin qurudulub yerində müxtəlif təyinatlı obyektlərin tikilməsi ekoloji baxımdan nə dərəcədə düzgündür? Bunun sonradan həm memarlıq, həm də ekoloji cəhətdən hansı fəsadları ola bilər?
“Ən azından evlərin tikilməsinə məncə, yol vermək lazım deyil”
Mövzunu “Yeni Avaz” qəzetinə şərh edən “Rüzgar” Ekoloji İctimai Birliyinin (REİB) sədri, professor İslam Mustafayev dedi: “Hansı göllər ki, təbii göllərdir, onların qurudulması sonda yaxşı nəticə verməyəcək. Amma o göllər ki, sonradan neft axıntıları, neftli axıntılar, sular, müxtəlif kanalizasiya sularının axması nəticəsində yaranıb, təbii ki, onları qurutmaq lazımdır. Qurutmağın yolları var”.
İslam müəllimin sözlərinə görə, müəyyən göllər var ki, əslində ərazisi əvvəl kiçik olub: “Amma sonradan ora axıdılan kanalizasiya suları, neft tullantıları nəticəsində həcmi 4-5 dəfə böyüyüb. Məsələn, Böyük Şor gölü belə göl idi. Göllərin qurudulmasına, onun yerində tikinti işlərinin aparılmasına - ən azından evlərin tikilməsinə məncə, yol vermək lazım deyil. İkincisi, təbii gölləri tam qurutmaq olmaz. Tutaq ki, təbii gölün daha da genişlənməsini istəmiriksə, ora axıdılan suların qarşısı alınmalıdır. Kanalizasiya suları ora axıdılmamalıdır, neft sənayesindən axıdılan sular ora tökülməməlidir və beləliklə, göllərin suları öz məcrasına gəlib çatacaq. Yəni əvvəl təbiətdə necə olublarsa, o göllər olacaqlar. Bu, məncə, Qanlı gölə aiddir, Böyükşor özü də təbii göldür. Yeri gəlmişkən, Azərbaycanda göllər içərisində ən pis vəziyyət Hacıqabul gölündədir. Bu gölün vəziyyətini təbii fəlakət kimi qiymətləndirmək olar. Fəlakətin də səbəbi insandır. Ora gələn su axınlarının qarşısını alıblar və indi qurumaqdadır. Bununla təbiətə çox böyük ziyan vurulur”.
“Haradasa bu işi görüblərsə, yalnış addımdır”
Professorun sözlərinə görə, əgər bir gölün dibində çeşməsi varsa, onun qurudulmasının acı nəticələri ola bilər: “Haradasa bu işi görüblərsə, yalnış addımdır, təbiətə mürtəce müdaxilədir. Bu addım torpaq sürüşməsi əmələ gətirəcək, dağların yamaclarının altında problem yaradacaq. Elə göllər var ki, onların ərazisi bataqlıq ola da bilər, olmaya da bilər. Göllərin bəzilərinin su-bataqlıq statusu var. Lakin bütün göllərə aid ola bilməz bu. Əgər bir gölün suyu süni yolla yığılıbsa və oradan uzaqlaşdırılırsa, relyef, landşaft əvvəlki vəziyyətinə qaytarılırsa, bunu anlamaq olar. Ancaq orada çeşmə olubsa, su çıxırsa və çıxmaqda davam edirsə, onu qurudub üstündə ev və ya digər obyektlər tikmək çox təhlükəlidir”.
“Tikinti işləri önləmə tədbirləri görülərək aparılanda problem olmur”
“Yeni Avaz”ın sualını cavablandıran memar Aftandil Abdullayev: “Əlbəttə, bir gölün suyu qurudulub yerində tikinti işləri aparılırsa, hazırlıq görülməli, ciddi araşdırılma aparılmalıdır. Belə olsa, mənim fikrimcə, tikinti baxımından problem olmaz. Belə ərazilərdə önləmə tədbirləri görülərək, işlər aparılanda problem olmur”. A. Abdullayev belə ərazilərdə park salınmasını daha məqsədəuyğun hesab etdiyini də vurğuladı.
“Sabah öz fəsadını istər-istəməz göstərəcək”
Memar İbrahim Teymurov isə tikinti işləri aparılmamışdan öncə ərazinin torpaq quruluşunun mütləq öyrənilməli olduğunu söylədi: “Təbii göl qurudulursa, yerində nə isə tikilirsə, mən buna mənfi rəy verərdim. Buna yaxşı baxmıram. Çünki bu, sabah öz fəsadını istər-istəməz göstərəcək. Tikilən obyektin yeri yoxlanılmalıdır. Bəzi yerlərdə insanlar suyun içərisində də ev tikirlər. Müəyyənləşdirilməlidir ki, süxura, torpağın quruluşuna görə orada tikinti aparmaq olar, yoxsa olmaz. Su harada yığılır - istər-istəməz öz yerini tapıb oradan çıxıb. Belə ola bilər ki, ora gələn suyun meylini kənarlaşdırarlar. Çöküntü verməyən yerdirsə, tikinti işləri aparıla bilər. Amma yenə deyirəm, orada torpaq quruluşu mütləq öyrənilməlidir. Kor-koranə bu işlər görülməməlidir”.
Nicat İntiqam
Tətbiqimizi yükləyə bilərsiniz