2017-ci ilin ilk günlərində də ötən ildə olduğu kimi problemli kreditlərlə bağlı məsələnin həll edilməməsi diqqət mərkəzində qalmaqda davam edir. Halbuki son bir ildə bu problemin dövlət səviyyəsində həllinə böyük ümidlər bəslənilirdi. Bəs problemli kreditlərlə bağlı məsələnin həllinin diqqətdən kənarda qalmasına səbəb nədir? Məsələ ilə bağlı "Yeniavaz.com"un sualına cavabında tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu problemli kreditlərlə bağlı məsələnin həllini tapmamasının bank sektorunun fəaliyyətini təhlükə altında qoyduğunu söylədi. Onun sözləriən görə, problemli kreditlər məsələsinin həllini tapmaması bankların kifayət qədər müştəri itirməsinə yol açaraq onların əlavə maliyyə vəsaiti cəlbetmə imkanlarını məhdudlaşdırıb. Qubad İbadoğlu: "Manatın son iki devalvasiyasından sonra müştərilərin dollarla olan kreditlərini ödəmək imkanlarını itirməsi və bunun nəticəsində problemli kreditlərin həcminin durmadan artması özəl bank sektoruna vurulan ən ağır zərbələrdən biri olub. Bankların əksəriyyəti dollarla krediti olan şəxslərə müəyyən qədər güzəştə gedərək özlərinin adı çəkilən sahədə daha çevik siyasət yeritməsini təmin etmək əvəzinə başqa yol seçdilər. Bu da öz növbəsində problemli kreditlərin artmasında önəmli rol oynamağa başladı. Əslində belə bir yolu seçməklə banklar bəlkə də dövlətin kredit borcu olan şəxslərə bəzi yardımlar edəcəyinə ümid edirdi. Lakin dövlət səviyyəsində də problemli kreditlərlə bağlı məsələnin həlli özbaşına buraxılıb. Belə davam edəcəyi təqdirdə problemli kreditlərlə bağlı məsələ bankların bəzilərinin müflisləşməsi prosesini sürətləndirə bilər ki, bu da ölkə iqtisadiyyatına yaxşı heç nə vəd etmir",-dedi.
Əziz Mustafa