"Biz o əsgərlərimizin hüquqlarını qoruya bilmirik, çünki..." - Nazirlik rəsmisindən açıqlama


Son zamanlar sosial şəbəkələrdə cəbhədə xidmət edən əsgər və hərbçilərimizin ailələrinin sosial durumlarının çətin olması ilə bağlı videolar görürük. Bir çoxları ön cəbhədə olduqları üçün ailələrinə yardım edə bilmədiklərini və 190 manat müavinətin də onlara düşmədiyini bildirirlər. Əsgərlərimizin sosial durumundakı məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında əmək müqaviləsilə işləyən hər bir əsgərin hüquqlarının qorunduğunu bildirdi: “Əgər hərbçilərimiz və əsgərlərimiz işləyirlərsə, onların hüquqları qorunur. Əmək məcəlləsində, qanunvericilikdə hərbi xidmətdə olduğu müddətdə onların əmək haqları qorunur və işəgötürən aylıq əmək haqlarını ödəyir. Lakin hər hansı işəgötürən tərəfdən ödəmə yoxdursa, həmin vətəndaşımız və ya ailə üzvlərindən biri bizə, Dövlət Əmək Müfəttişliyinə müraciət etsin, məsələni araşdıraq.
Qeyd edim ki, bu məsələ Əmək hüquqları rəsmiləşdirilməyən şəxslərə aid edilmir. Çünki həmin şəxslər rəsmi əmək müqaviləsilə çalışmırsa, deməli iş münasibətlərində heç bir hüququ qorunmur. Hüquq o zaman qorunur ki, hansısa bir sənəddə imza ilə rəsmiləşmə olsun. Bu yoxdursa, təəssüf ki, Dövlət Əmək Müfəttişliyi heç bir tədbir görə bilməyəcək.  Amma əsgərimizin əgər çətinliyi, ailəsində sosial problemləri varsa, biz həmin ailəyə dəstək verə bilərik. Onun ailə üzvlərini məşğulluğa cəlb edə və ya həmin əsgər geri qayıtdıqdan sonra əmək hüquqlarına əsasən işlə təmin edə bilərik. Bizim sosial dəstək tədbirlərimiz tək şəhid və yaralı əsgərlərimiz üçün ünvanlanmayıb. Eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda əziyyət çəkən əsgər və hərbçilərimizə də aid edilir”.
Fazil Talıbov eyni zamanda küçədə baxımsız vəziyyətdə qalan şəxslərə yardım olunub-olunmayacağı məsələsinə də aydınlıq gətirdi: “Pandemiya başlayan vaxtlarda 190 manat üçün müraciət daxil olmuşdu. Hansı vətəndaş ki müraciət edib və işsiz statusu qüvvədədirsə, onlara yenidən 190 manat veriləcək. Küçədə baxımsız və təhlükəli vəziyyətdə olan vətəndaşlar üçün dövlət çox ciddi tədbirlər həyata keçirir. Bizim nümayəndələr, onları qaldıqları yerdən müvafiq sığınacaqlara yerləşdirirlər. Onların qidalanması, qalması və hər bir şəraiti dövlət hesab hesabına ödənilir. Vətəndaşlar hətta orada reabilitasiya kursu keçirlər, onların məşğulluq məsələlərinə baxılır.  Bu işlə gün ərzində maraqlanan qruplarımız var. Həmin vətəndaşları görən yerli İcra Hakimiyyəti orqanlarının nümayəndələri həmin məlumatları bizə ötürürlər və biz də sığınacaqlara yerləşdiririk.  Yetər ki, həmin şəxsləri görən adamlar bizim Sosial Dövlət Agentliyinə müraciət etsinlər”.
Qurumun sözçüsü onu da qeyd etdi ki, Nazirlər Kabinetinin müvafiq qərarı verilən kimi 190 manat birdəfəlik müavinətin verilməsinə başlanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top