Sumqayıt İcra Hakimiyyəti dövlət vəsaitini kimlərə verir? – Müəmmalı tenderlər - FOTOFAKT


Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Dalğa Marketing” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, "Dalğa Marketing” MMC Sumqayıt şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Sumqayıt şəhər Corat qəsəbə Mehdi Hüseynzadə küçəsində "Abad məhəllə"nin təmiri işlərini həyata keçirəcək. Bu iş üçün İcra Hakimiyyəti "Dalğa Marketing” MMC-yə 20 min 490 manat ödəyəcək. 
Bundan başqa "Dalğa Marketing” MMC 17 gün əvvəl - 30.11.2020-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi  tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi olub.
"Dalğa Marketing” MMC Sumqayıt şəhər İcra Hakimiyyətindən 56 min 952 manat 20 qəpik alaraq Sumqayıt şəhər Corat qəsəbəsində küçə və yolların asfalt örtüyünün təmir işlərini həyata keçirəcək. 
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətindən ümumilikdə 77 min 442 manat 20 qəpik alan  "Dalğa Marketing” MMC 05.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin tender elanı oktyabr ayında elan olunub. Bu isə o deməkdir ki, tenderin qalibi olan MMC tender elanının verilməsindən cəmi 2 ay əvvəl yaranıb.
Onu da bildirək ki, "Dalğa Marketing” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Tender elanından cəmi 2 ay əvvəl yaranan və 77 min manatlıq tenderin qalibi olan MMC Sumqayıt şəhəri, 9 MKR, ev 9V, m. 89 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Tahirov Çingiz Eyvaz oğludur.
Məlumat üçün qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı olmalıdır.
Cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınan şirkətin hansı peşəkarlığa sahib olacağı müəmma olaraq qalır. 
Xatırladaq ki, bu cür müəmmalı tender müsabiqləri Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllər də dəfələrlə keçirilib.
Aşağıdakı linkə daxil olaraq tender müsabiqələrinin qalibi olan şirkətlərlə tanış ola bilərsiniz:
İcra Hakimiyyəti bir-iki ay əvvəl yaranan şirkətlərə yüzminlərlə vəsait ayırır - MÜƏMMA



A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top