Şuşada son nəfəsinədək əlbəyaxa vuruşan xüsusi təyinatlı şəhidimiz Yalçın Rəhimov - FOTOLAR


20 yaşlı Xüsusi Təyinatlı hərbçi Rəhimov Yalçın Elçin oğlu  44 günlük Vətən müharibəsində Qarabağın azadlığı, ərazi bütövlüyümüz uğrunda göstərdiyi igidliyi ilə öz adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırıb.
Yeniavaz.com
xəbər verir ki, Yalçının keçdiyi həyat yolu qısa, lakin şərəfli, gələcək nəsillərimizə örnək olacaq bir yoldur.
Rəhimov Yalçın 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində ailənin son beşiyi olaraq dünyaya gəlib. Atası Elçin kişinin, anası Dilarə  xanımın nümunəvi tərbiyəsi ilə böyüyüb.
Ailəsindən verilən məlumata əsasən orta məktəbi Nardaranda oxuyub. Hələ məktəbli ikən Yalçın boş vaxtlarında çalışaraq ailəsinə çörəkpulu qazanmağa kömək edirmiş. Uşaqlıqdan kikboksinq, güləş və üzgüçülük ilə məşğul olmuş, kikboksinq üzrə yarışlara qatılıb, “Fəxri Fərman”, “Diplom” və medallara layiq görülmüşdür. Yeniyetməlik dövrünə qədəm qoyanda ən böyük arzusu peşəkar hərbçi olmaq idi.
2018-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yollanır.  Həqiqi hərbi xidmət keçərək dövlətinə vətəndaşlıq borcunu şərəflə yerinə yetirdikdən sonra ürəyində sonsuz Vətən eşqi olan  Yalçın xidmətini Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) davam etdirir.
Yalçın xidməti dövründə bir çox kurslarda və təlimlərdə iştirak edib, dəfələrlə “Fəxri Fərmanlara”, sertifaktlara layiq görülüb, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə seçilən bir hərbçi olub.
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə atılan qəhrəmanımız  müharibənin ən qızğın döyüşlərində iştirak edib, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib.
Qarabağ müharibəsinin ən həlledici nöqtələrindən olan Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşdə Yalçın özü yaralansa da, yaralı cəbhə yoldaşlarını döyüş meydanından çıxarıb, ölümün gözünə dik baxaraq  yenidən döyüş meydanına geri dönərkən mühasirəyə düşüb.  Düşmənə təkbaşına meydan oxuyan igid döyüşçü əlbəyaxa döyüşlərdə namərd düşmənin çox sayda canlı qüvvəsini məhv edib. Erməni quldurlarına qarşı üz-üzə, təkbətək  vuruşarkən boyun nahiyəsindən aldığı bıçaq xəsarətindən qələbəyə bir gün qalmış, noyabrın 7-də döyüş meydanında şəhidlik zirvəsinə ucalıb.
Rəhimov Yalçın 13 noyabr 2020-ci il tarixində Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında dəfn edilib.
Ruhun şad olsun, Yalçın!
Allah şəhidlərimizə rəhmət eləsin!




DİGƏR XƏBƏRLƏR

Top