Bakıda bayram gecəsi 18 yaşlı gənc polislər tərəfindən döyülüb

Bayram gecəsi Bakının Sabunçu rayonu ərazisində 18 yaşlı lisey tələbəsi polislər tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən Mirbala Qasımzadənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Hadisə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Bayram atəşfəşanlığından sonra evə qayıdan Mirbala Vüqar oğlu Qasımzadənin 62 nömrəli avtobusda tanımadığı şəxslə mübahisəsi düşüb. Gənclər aralarındakı mübahisəni avtobusdan düşdükdən sonra həll etmək istədikdə onlara polis maşını yaxınlaşıb və Mirbala Qasımzadəni polislər zorla maşına oturdublar.

Zərərçəkmişin anası Pərvanə Qasımzadənin dediyinə görə, polis əməkdaşları onun oğlunu möhkəm döydükdən sonra 12-ci polis bölməsinə aparıblar. Orada da oğlu ilə görüşməyə imkan verməyiblər. Sonra M.Qasımzadənin spirtli içki qəbul edib-etmədiyini yoxlamaq məqsədilə polislər onu alkotesterdən keçiriblər. Məlum olub ki, 17 nömrəli Bakı Peşə Liseyinin tələbəsi hadisə vaxtı içkili olub. İlkin araşdırmalardan sonra zərərçəkmiş valideynlərinə təhvil verilib.

Pərvanə Qasımzadənin bildirdiyinə görə, oğlunu evə gətirən zaman onda ürəkbulanması, baş gicəllənməsi halları baş verib. Təcili tibbi yardım maşını ilə Mirbala Qasımzadə yaşadığı Sabunçu qəsəbəsi, Demyan Bednı küçəsi, ev 5-dən 3 nömrəli xəstəxanaya gətirilib. İlkin müayinələr zamanı 18 yaşlı gəncdə qapalı kəllə-beyin silkələnməsi, burun sümüyünün sınığı və bədənin müxtəlif nahiyyələrinin əzilməsi aşkar edilib. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə sorğu göndərilsə də, onlarda belə bir məlumatın olmadığı bildirilib. Zərərçəkmişin anası Pərvanə Qasımzadə isə sahə müvəkkili Elvin Qafarovun oğlunun yanına gələrək polislərdən şikayətçi olmamağını xahiş etdiyini bildirib. Zərərçəkmiş oğlunun polis tərəfindən döyüldüyünü, polis isə rəsmən belə hadisənin olmadığını deyir. Salamnews.org

DİGƏR XƏBƏRLƏR

Top