
Rusiya prezidenti Vladimir Putinin kürəkəni Kirill Şamalovun sərvəti son bir il ərzində 150 milyon dollar azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalının “Rusiyanın ən varlı 200 iş adamı” adlı hesabatında yer alıb.
“Forbes” jurnalı qeyd edir ki, 2019-cu ildə Kirill Şamalovun 950 milyon dollar sərvəti olduğu halda, 2020-ci ildə 800 milyon dollar düşüb. Kirill Şamalovun adı “Rusiyanın ən varlı 200 iş adamı”nın siyahısında 110-cu yerdən 123-cü yerə geriləyib. -
Məlumat üçün qeyd edək ki, Kirill Şamalovun adı əvvəllər “Rusiyanın ən varlı 200 iş adamı”nın siyahısında olmayıb. Onun adı ilk dəfə 2016-cı ildə siyahıya düşüb. Maraqlıdır ki, siyahıya ilk dəfə düşməsinə baxmayaraq 1 milyard 200 milyon dollarla 64-cü sırada qərarlaşıb. Həm 2017-ci ildə, həm də 2018-ci ildə sərvətini 100 milyon dollar artıran Kirill Şamalov 2019-cu ildə 450 milyon dollar zərər edib.
Aşağıdakı cədvəldə Kirill Şamalovun son 5 ildə “Forbes” jurnalının “Rusiyanın ən varlı 200 iş adamı” adlı hesabatındakı mövqeyi göstərilib:
İl | Siyahıdakı mövqeyi | Sərvəti | Dəyişiklik |
2016 | 64 | 1 200 milyon dollar | - |
2017 | 74 | 1 300 milyon dollar | + 100 milyon dollar |
2018 | 75 | 1 400 milyon dollar | + 100 milyon dollar |
2019 | 110 |
|
- 450 milyon dollar |
2020 | 123 | 800 milyon dollar | - 150 milyon dollar |
Onu da bildirək ki, Kirill Şamalov 1982-ci ildə Sankt-Peterburqda diş həkimi Nikolay Şamalovun ailəsində anadan olub. 2004-cü ildə Sankt-Peterburq Dövlət Universitetinin Hüquq Fakültəsini Hüquqşünaslıq ixtisası ilə bitirib. “Qazprom” və “Gazprombank”da işləyib. 2008-ci ildə “Sibur” holdinqdə işə başlayıb. “Bloomberg” agentliyi yazır ki, Kirill Şamalovla Putinin qızı Katerina Tixonovanın toyu 2013-cü ilin fevralında Sankt-Peterburq yaxınlığındakı “İgora” kurortunda keçirilib.
2014-cü ildə Kirill Şamalovla “Sibur” holdinqin səhimlərinin 17%-ni satın alıb. Agentlik yazır ki, 2018-ci ildə Kirill Şamalovla Yekatrina Tixonovla münasibətləri pozulub. 2018-ci ildən sonra Kirill Şamalovun sərvətindəki kəskin azalmanın da bunula bağlı olduğu bildirilir.
Qeyd edək ki, Katerina Tixonova Vladimir Putinin kiçik qızıdır. Katerina 31 avqust 1986-ci ildə Drezden (Almaniya) şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri namizədi olan Katerina həm də bizneslə məşğul olur. “İnnopraktika” şirkəti vasitəsilə süni intellekt sahəsində layihələr icra edir.
Putinin qızları barədə danışmaması və onlarla birgə çəkilən fotolarını paylaşmamasının səbəbi barədə Rusiya mətbuatında çoxsaylı yazılar yayımlanıb. Bəzi iddialara görə, Putin həyat yoldaşı Lyudmila ilə boşandıqdan sonra qızları ilə aralarında soyuqluq yaranıb. Başqa bir iddiaya görə Putin bunu təhlükəsizlik məqsədilə edir. Bildirilir ki, Putun sabiq KQB (SSRİ-də dövlət təhlükəsizlik orqanı) işçisi olduğuna görə onda ailəsi barədə məlumatları gizlətmə vərdişi yaranıb.


