Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda başlayan İkinci Qarabağ müharibəsində şəhid olanlardan biri də Elgün Vasif oğlu Quliyevdir.
Yeniavaz.com xəbər verir ki, Elgün 17 sentyabr 1992-ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olub. 1998-ci ildə Şamaxı rayon Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib. 2005-cı ildə İsmayıllı rayon Natiq Behdiyev adına İsmayıllı kənd orta məktəbində təhsil amaqla yanaşı, həmin rayonda hazırkı Nihal hazırlıq kursunda dini təhsil alıb.
2007-ci ildə Şəki İslam Hafizlik Kollecinə daxil olaraq 1 il sonra həmin kollecdən məzun olub. Bundan sonra 2009-cu ildə İsmayıllı rayon N.Behdiyev adına İsmayıllı kənd orta məktəbinin 11-ci sinfini bitirib. Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə təhsil alıb. Həmin ildə Füzuli rayonunun Şükürbəyli kəndinə hərbi xidmətə gedib.
Şəhid Elgün Quliyev haqqında Yeniavaz.com-a danışan bacısı Günel Manafova onun gülərüz, xoş sima, zarafatcıl və çox vətənpərvər olduğunu deyir:
“Elgün hələ 2016-cı ildə Aprel döyüşləri vaxtı Müdafiə Nazirliyinə könüllü olaraq müraciət etmişdi. Həmin vaxtdan müharibəyə getdiyi müddətə kimi Bakıdakı restoranlardan birində işləyirdi. Sonra ölkədə karantin rejiminin başlaması ilə kəndə qayıtdı. Özü imtahanlara hazırlaşdı. MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında 52 bal yığaraq Lerik rayonunun Sors kəndinə tarix müəllimi təyin olundu. İxtisası üzrə işləyəndə çox sevinmişdik”.
Elgünün bacısı deyir ki, o, təyin aldığı məktəbdə işləmədən döyüşlər başladı və ora getdi:
“Müharibə başlayan vaxt bacım ona mesaj yazanda bildirib ki, müharibə başladı. O da cavab yazıb ki, tarix müəllimi olmadıq, tarix yazarıq. 29 sentyabrda könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollandı. Füzuli, Xocalı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmancasına döyüşüb. 9 noyabrda isə elə Şuşada şəhidlik zirvəsinə ucalıb. Elgün şəhid olanda son sözləri bu olub ki, "Tarix müəllimi işləyə bilməsəm də tarix yazdım".
Elgün Quliyev noyabr ayının 12-də böyüyüb, boya-başa çatdığı Şamaxı rayonunun Dağ Göylər kəndinin kənd qəbirstanlığında dəfn olunub.
Qeyd edək ki, şəhid Elgün Quliyev Azərbaycanın ilk Quran hafizi şəhidi kimi yaddaşlara həkk olub.
Aygün Zayıdova