"Bu xəbəri eşidən hər kəs evimizə gəlir" - Şəhid general Polad Həşimovun anasının SEVİNCİ


Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb. O ada şəhid general-mayor Polad Həşimov da layiq görüldü.
Şəhid Polad Həşimovun anası Səmayə Həşimova oğluna "Milli Qəhrəman" adının verilməsi ilə bağlı Yeniavaz.com-a danışıb.
O, buna görə Prezident İlham Əliyevə təşəkkür edib:
"İlk öncə onu qeyd edim ki, Allah heç kimə qismət eləməsin, hər kəsin övladı sağ-salamat yanında olsun. Oğluma "Milli Qəhrəman" adının verilməsini gözləyirdim. Buna görə, Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm. Poladın uşaqlıqdan ən böyük arzusu torpaqların azad edilməsi idi. Özü görməsə də, arzusu reallaşdı. Ordumuza təşəkkür edirəm, onların sayəsində torpaqlarımız işğaldan azad edildi. Dünəndən bu xəbəri eşidən hər kəs evimizə gəlir, zəng edib təbrik edir. Gecə saat 1-ə qədər qonaqlarımız olub. Televizora baxanda halım pis olurdu. Camaat kimi məndə də həm sevinc, həm də kədər hisləri olur. 
Şükür ki, millətim azadlığa çıxdı. Bizi öz torpağımızdan çıxartmışdılar. Bu bizə neçə illərdir çox pis təsir edirdi. Buna görə, çox sevinirəm, axır ki, torpaqlarımız azad olundu. 30 ildir bu xalq dözürdü, nə vaxta qədər olmalı idi? Neçə illərdir şəhid xəbəri alırdıq. Nəticəsi də belə olmalı idi. Qarabağ birdəfəlik azad olunmalı idi. Camaat rahat yaşamalıdır. Hər kəs Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və qələbə qazandıq".
Qeyd edək ki, sentyabr ayında Səmayə Həşimova “Fraza” jurnalına müsahibəsi zamanı oğluna Milli Qəhrəman adının verilməsini istəmişdi:
"Bütün respublikanı qızıldan, daş-qaşdan hasar edib, qıfıl salıb mənə versələr, istəmərəm. İstəyirəm ki, oğluma Milli Qəhrəman adı verilsin. 28 ildir oğlum vətən, torpaq yolunda canını qoyub. Poladın vətən üçün nələr etdiyi göz qabağındadır. Həm də ona görə bu adı istəyirəm ki, gənclər əmin olsunlar ki, vətən yolunda canından keçənləri vətən uca tutur. Prezident İlham Əliyevə üz tuturam, elə bilirəm ki, mənim bu istəyim cavabsız qalmayacaq. Küçə adı da olsun, kitablar da çap olunsun. Mənim də ömrümə az qalıb, xəstə, yaşlı adamam. Bilmirəm nə qədər yaşayacağam".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top