Atasız böyüyən əkiz qardaşlar: Biri gözündən, digəri qolundan yaralanıb – FOTOLAR


Masallı rayonu, Əhmədli kəndindən olan əkiz qardaşlar Həsən və Hüseynin taleləri də oxşar oldu. 2002-ci il təvəllüdlü Həmidov qardaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanıblar. 
Yeniavaz.com
-a döyüş yolu haqqında danışan qazi Həmidov Hüseyn bir gözünü itirdiyini bildirdi: “Müharibənin ilk günlərində döyüşlərdə iştirak etmişəm. Füzuli  istiqamətində gedən döyüşlərdə minaya düşərək ağır yaralandım. Bir gözüm zədələnib, görmə qabiliyyətimi itirmişəm və ayağımdan yaralanmışam”. 
Müharibənin ilk günlərindən döyüşlərdə iştirak edən 18 yaşlı Həmidov Həsən Yeniavaz.com-a açıqlamasında qolundan qəlpə yarası aldığını bildirdi: “Füzuli, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Həmin istiqamətdə gedən şiddətli döyüşlərdə qolumdan qəlpə yarası almışam. Hal-hazırda müalicəm davam edir”.  
Əkiz qardaşları körpəlikdən öz himayəsinə götürən dayıları Kamran Həmidov Yeniavaz.com-a açıqlamasında  bildirdi ki, Həsən və Hüseyn körpəlikdən atasız böyüyüblər: “Özlərinin evləri yoxdur, uşaqlıqdan onlara mən baxmışam. Anaları isə işləmir, evdar xanımdır. Yaralandıqdan sonra müalicələri hospitalda tam təmənnasız aparılıb. Müalicə bitdikdən sonra onalara 15 günlük məzuniyyət verildi. Bu müddət ərzində İcra Hakimiyyəti nümayəndələrindən heç kim onlarla maraqlanmadı, kömək etmədilər. Dayı kimi 18 il ərzində mən onların qayğısını çəkmişəm, bu mənim borcumdur. Maddi cəhətdən çətinliklərimiz olub, bunu heç zaman dərd etməmişik. Amma indiki dövrdə heç kimin maraqlanmamağı insana təsir edir. Bilmirlər ki, nəyə ehtiyacları var, vəziyyətləri nə yerdədir. Bir evdən iki nəfər Vətən uğrunda döyüşərək yaralanıb. Tək özümüzü demirəm, ümumiyyətlə bütün yaralı, qazi və şəhid ailələrinə baş çəkmək, maraqlanmaq, onları tək qoymamaq lazımdır. Həsən və Hüseynin 18 yaşı var, həyatda heç nələri yoxdur, çətin şəraitdə böyüyüblər, ailədə 10 nəfərdən çoxuq. İndi də biri gözünü itirib, biri də qolundan yaralanıb. Onlar bu vəziyyətdə necə özlərinə gələcək quracaqlar, bilmirəm”. 
Maddi və mənəvi cəhətdən yardıma ehtiyacı olan qazilərimizlə maraqlanan şəxslər, 050-309-58-38 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top