AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu virtualaz.org üçün kamerunlu futbolçuların ölüm xəbərini şərh edib.
“Bu futbolçuların ölüm xəbərini böyük hüznlə qarşıladıq. Həmin oyunçular barədə bizdə hər hansı məlumat yoxdur. Həvəskar olublar və AFFA-da qeydiyyatdan keçməyiblər”, - M.Nərimanoğlu deyib.
Qeyd edək ki, Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb.
“Yeniavaz.com”un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.