Döyüşlər zamanı cəbhədə həlak olmuş Elmirin qardaşı: “Bizə deyildi ki, mülki şəxs kimi qeydiyyata alınacaq” – İDDİA


“Noyabr ayının 3-ü snayper gülləsi ilə vurularaq səngərdə şəhid olub. Bizə deyildi ki, şəhidlik statusu verilməyəcək”.
Bu barədə Yeniavaz.com-a könüllü olaraq döyüşlərdə iştirak edərək şəhid olan Ağdam rayon sakini, Əliyev Elmir Süleyman oğlunun qardaşı, Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, səbəb kimi qardaşının yaşının 40 olması göstərilib:
“Müharibə başlayanda qardaşım dəfələrlə hərbi hissəyə getdi ki, onu da aparsınlar. Amma 40 yaşı olduğu üçün qəbul etmədilər. Lakin, o könüllü olaraq döyüşlərə getdi. Əlinə silah verib ön cəbhəyə buraxdılar. Ümumilikdə orda 40 nəfər olublar. Bir aya yaxın qardaşım döyüşlərdə iştirak edib. Noyabr ayının 3-ü snayper gülləsi ilə vurularaq səngərdə şəhid olub. Bizə deyildi ki, şəhidlik verilməyəcək, mülki şəxs kimi qeydiyyata alınacaq. Səbəb kimi də hərbi komissarlıqda qeydiyyatda olmadığı göstərilir. Mən də sual verdim ki, əgər qeydiyyatda deyilsə, niyə əlinə silah verdiniz? Mənim qardaşım döyüşlərdə olub, kənar yerlərdə olmayıb. Bütün şəhidlər qanuni formada necə dəfn olunubsa, qardaşım da elə dəfn olundu. N saylı hərbi hissəsinin hüquqşunası bizə dedi ki, şəhidlik statusu verilməlidir, qeydiyyata kim almayıbsa günah onundur. Müharibə bitəndən sonra mən qardaşımın şəhid olduğu səngərə getmək istəyirdim, heç buraxmadılar".
Məsələ ilə bağlı N saylı hərbi hissəsnin hüquqşunası ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, şəhidin ailə üzvləri ölüm haqqında şəhadətnaməni hərbi komissarlığa verib, şəhidlik statusunu ala bilərlər: “Həmin şəxs hərbi komissarlıqda qeydiyytda olmayıb və könüllü şəkildə ərizə ilə müraciət edib ki, məni də döyüşlərə aparın. Oradan deyilib ki, gözlə, vaxtı gələndə xəbər veriləcək. O da daxilində olan Vətən sevgisi sayəsində gözləmədən bizim mövqeyə gəlib. Düşmən də bildiyiniz kimi hər istiqamətdə atəş açırdı. Döyüşlər zamanı da şəhid olub. Tibb məntəqəmizin hərbi qulluqçuları tərəfindən şəhid olduqdan sonra döyüş meydanından çıxarılaraq, cəsədlərin toplandığı məntəqəyə gətirilib. Orada müvafiq qeydlər aparılıb, oradan da morqa göndərilib. Morqda məhkəmə tibbi ekspertiziyadan keçərək, ölüm haqqında şəhadətnaməsinə hansı yerdə, nə vaxt və necə həlak olduğu qeyd olunub.  Şəhidin ailə üzvləri ölüm haqqında şəhadətnaməni də hərbi komissarlığa təqdim edib, şəhidlik statusunu ala bilərlər”.



DİGƏR XƏBƏRLƏR

Top