Xırdalanın yay-qış bitməyən işıq dərdi – Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır


Xatırlayırsınızsa ötən ay Xırdalan şəhərində Heydər Əliyev prospektinin ətrafında bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsilməsi, birbaşa məsul qurum “Azərişıq” ASC-nin isə hadisənin səbəbindən xəbərsiz olması barədə məlumat vermişdik. Eyni hal həmin ərazidə bu gün yenə təkrarlanıb, amma bu dəfə məsələ daha da trajikomikdir.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən sakinlər bildiriblər ki, “Azərişıq” ASC-nin qaynar xəttindən problemə səbəb kimi “Azərenerji”nin sözügedən ərazidə iş aparmasını göstəriblər.
Daha ətraflı məlumat almaq üçün “Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev ilə əlaqə saxladıq. O bildirdi ki, “Azərenerji” söügedən ərazidə heç bir iş aparmır və orada elektrik enerjisinin kəsilməsinin quruma heç bir aidiyyatı yoxdur.
Bu dəfə “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Pərvanə Kazımzadə əvvəlcə Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, sözügedən ərazidə təmir işləri gedir. Təmir işləri barədə niyə əvvəlcədən əhalinin məlumatlandırılmadığını soruşduqda isə P. Kazımzadə bildirdi ki, təmir baş vermiş qəza ilə əlaqədardır.
Qeyd edək ki, ötən ay da həmin ərazidə elektrik enerjisinin kəsilməsi səbəbini öyrənmək üçün “Azərenerji” ilə əlaqə saxladığımızda, Yeniavaz.com-a, qış aylarında qəza hallarının baş verməməsi üçün proflaktik tədbirlərin aparıldığı bildirilmişdi.
Bunu P. Kazımzadəyə xatırlatdıq. O isə məsələni araşdırıb bizə məlumat verəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra redaksiyamıza zəng vuran mətbuat katibi “Azərenerji” ilə əlaqə saxlamalı olduğumuzu və hadisənin səbəbi barədə bu qurumun açıqlama verəcəyini bildirdi.
“Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev isə “Azərişıq” mətbuat katibinin bu sözlərinə sərt reaksiya verdi və qətiyyətlə məsələnin onlara heç bir aidiyyatı olmadığını bildirdi.
Belə görünür ki, Xırdalanda elektrik enerjisinin niyə kəsildiyindən nə məsələdən birbaşa məsul qurum “Azərişıq” ASC-nin, nə də “Azərişıq” ASC-nin qaynar xəttindən və mətbuat xidmətindən “səbəbkar” kimi göstərilən “Azərenerji”nin xəbəri var.
Xırdalan sakinləri bildirirlər ki, yay aylarında da təmir məqsədilə dəfələrlə belə hallar baş verib. Onlar, havaların soyumağa başladığı və koronavirusa yoluxma hallarının kəskin artdığı bu günlərdə elektrik enerjisinin tez-tez kəsilməsinin kütləvi xəstələnmələrə səbəb olduğunu deyirlər. Evində azyaşlı olan ailələrdə isə məsələnin daha ciddi problemlərə səbəb olduğunu bildirirlər. Belə ki, elektrik enerjisinin tez-tez kəsilməsi pandemiya səbəbilə tədrisin onlayn keçirilməsinə də problemlər yaradır.
Qeyd edək ki, Xırdalan Elektrik Şəbəkəsinin sabiq rəisi Neymət Qasımov da vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılmışdı. Bu barədə qurumdan verilən rəsmi açıqlamada bildirilmişdi. Lakin görünən odur ki, yeni rəis Şahin Qədimov da bu işi bacara bilmir.

DİGƏR XƏBƏRLƏR

Top