Şəhid ailələrinin və qazilərin təminatı məsələsinə özəl şirkətlər də cəlb oluna bilər - Vahid Əhmədov


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlaması və bununla bağlı sosial şəbəkələrdə müzakirələrin başlaması barədə xəbər vermişdik.
Daha sonra nazirliyin mətbuat katibi növbəti açıqlama ilə şəhid ailələriin və qazilərin digər sosial ödənişlər (pensiya, müavinət) və proqramlarla da əhatə olunduğunu bildirmiş və onların siyahısını təqdim etmişdi. Lakin bu açıqlama da sosial şəbəkələrdəki müzakirələrə son qoymadı.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov ilə əlaqə saxladıq.

Millət vəkili Yeniavaz.com-a verdiyi açıqlamada bildirdi ki, bu məsələyə görə 2021-ci ilin büdcəsi də hələ ki, təsdiqlənməyib:
“Ümumiyyətlə bu məsələ müzakirə obyektidir. Çünki biz hələlik 2021-ci ilin dövlət büdcəsini təsdiq etməmişik. Mən bu barədə mətbuata bir neçə dəfə demişəm. Dövlət büdcəsinin təsdiqinin gecikməsində əsas səbəb Vətən Müharibəsinin aparılması və şəhidlərimizin, qazilərimizin, yaralılarımızın olmasıdır.
Dövlət başçısı tərəfindən onların təminatı ilə əlaqədar məsələlərə baxıldığı üçün bu məsələ gündəmdədir. Biz həmişə dövlət büdcəsini müzakirə edəndə cənab İlham Əliyev deyir ki, sosial sahələrə heç vaxt toxunmayın, sosial sahəyə daha çox diqqət yetirin. O cümlədən Mehriban xanım Əliyeva bu sahəyə daha çox diqqət yetirir. 
Ümumiyyətlə dövlət büdcəsi müzakirə olunanda bir neçə piroritet sahə var ki, o sahələrə diqqət göstərilməsini nəzərdə tutmuşuq. Bunlardan birincisi şəhid ailələrinin evlə və digər vəsaitlərlə təminatıdır. İkincisi isə qazilər və Vətən Müharibəsində yaralanmış insanların təminatı ilə əlaqədar məsələləridir. Bu məsələlər də gündəmdədir, müzakirə obyekti olacaq”.
V. Əhmədov bildirib ki, şəhid ailələrinin və qazilərin təminatı məsələsinə özəl şirkətlərin cəlb olunması da gündəmdədir: 
“Bu məsələlərə biz özəl şirkətləri də cəlb etmək istəyirik. Biz çalışırıq ki, heç bir şəhid, qazi, yaralı diqqət mərkəzindən kənarda qalmasın. Bunun üçün xüsusi proqramlar da olacaq. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun üzərində işləyir”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top