Mübarək məkanda, uca ünvanda qərar tutan şəhidlərimiz... - FOTO


Şəhidlərimizin xatirəsini əziz tutmaq, əbədiləşdirmək, bugünkü və gələcək nəslə tanıtmaq üçün onların hər biri haqda ayrıca yazmaq lazımdır. Torpağa bax, şəhid anası, şəhid bacısı, şəhid atası, itkin oradadır! Torpağı sev, oxşa, ağını da, laylanı da torpağa söylə. Çünki oğlun bu torpağı canından çox sevdiyi üçün oraya üz tutdu, oranı özünə beşik seçdi. Onun Vətən sevgisi də bu torpaqdan başlamışdı. Axı, qəhrəmanlıq ana qucağından, evdən, ailədən, ocaqdan başlayır. Vətən, torpaq sevgisi ailədə aşılanır insana. Süddən, qandan, gendən gəlir və demək ki, birbaşa ana ilə, ata ilə başlayır Vətən sevgisi. 30 yaşlı şəhidimiz Atiq də vətəni, torpağı hər şeydən üstün tutdu. Sağlığında dediyi kimi vətən, qismət, alın yazısı, ya torpaq, ya şəhid. Həmişə anası ilə danışanda da ancaq deyərdi ki, ana bizə dua edin. 
30 yaşlı şəhidimiz İbrahimov Atiq Ariz oğlu 2008-ci ildə Mingəçevir Türk Liseyindən məzun olub. Liseydən məzun olduqdan sonra Antalyada Ağdəniz Universitetinə qəbul olub, 4 il Antalyada yaşayıb. Daha sonra Ukraynanın Karazin Universitetinin də bitirib. Atiq ailənin yeganə oğul övladı idi. Ağdaşda işıq idarəsində işləyirdi atası ilə birgə. Bu gün Atiqin valideynləri ilə həmsöhbət olduq. Atası Ariz bəy, anası Gülüş həkim, bacısı Əfsanə xanım Atiqin keçdiyi döyüş yolundan , igidliyindən və həm də daha çox xeyirxah bir övlad olmağından danışdılar. Atası Ariz müəllim bildirdi ki, Atiq evdə həmişə “Vətən sağ olsun!” deyirdi. Biz artıq hiss eləmişdik ki, o getməyə hazırlaşır. Atiq Tovuz  hadisələrindən sonra heç özünə gəlmirdi. Elə bizdən də xəbərsiz komissarlığa gedib könüllü olaraq cəbhəyə yazılmışdı: “Bir gün iş yerindən bildirdilər ki, oğlunu komissarlığa çağırırlar. Mən Atiqdən soruşanda ki, səni niyə çağırırlar, heç nə demədi. Ancaq artıq Kürün körpüsünün üstündən bizə zəng edib bildirdi ki, salamat qalın, mən könüllü olaraq cəbhəyə getdim. Anası tez yola çıxmağa hazırlaşdı ki, heç olmasa oğlunu doyunca görsün. O isə dedi ki, artıq gecdir, mən şəhərdən uzaqlaşmışam”. 
Atiq belə demək mümkünsə, 5-ci sinifdən təhsil almaq üçün ev üzü görməyib.Vətənpərvər bir övlad kimi yetişib. Atası bildirdi ki, elə cəbhədə də Atiq öz qəhrəmanlığı ilə seçilib. Döyüş yoldaşı qazi Samir deyir ki, Atiqə həyatımı borcluyam. Atiq bölük komandiri idi, səhər-səhər Samirə deyib ki, sən çıx kəşfiyyat cığırına müşahidə elə. Deyir, mən əvvəl getmək istəmirdim, ancaq mən çıxandan 4-5 dəqiqə keçməmiş onları minamyotla vurdular. 8 nəfər idilər. Həmin anda Samir də yaralanır. Döyüş yoldaşı deyir ki, Atiq həmişə yanındakı uşaqlara deyirdi ki, uşaqlar alnımıza nə yazılıb o da olacaq, biz ön cəbhədəyik, bizim anamız da, atamız da buradır. Döyüş yoldaşı onu da deyir ki, Atiq döyüş zamanı pulemyotdan 300-400 gülləni ermənilərin üstünə elə yağdırırdı, özü də elə qışqırırdı, deyirdi, Samir saydın güllələri, deyirdim yox. Deyirdi, “Ə, yekə kişisən, say da bunları”. Həm zarafatcıl idi, həm qayğıkeş, amma döyüşdə çox qəddarlaşırdı. Deyirdi, bu dığaların kökünü kəsəcəyəm”. 
Şəhidimizin anası göz yaşlarına hakim ola bilmir. O, oğlunun istəklisi olduğunu da deyir: “İstəklisi vardı, deyirdim ay oğul, vaxt keçir, bəlkə bu il sənin toyunu edək? Deyirdi, ay ana, qoy bu murdarları torpaqlarımızdan çıxaraq, ondan sonra sən nə desən, mən razı. Ölümündən qabaq zəng vurmuşdu, deyirdi, bu həftə gələcəyəm, mən də pal-paltarlarını yumuşdum ki, gələndə aparsın. Elə oldu ki, özü yox, oğlumun tabutu gəldi. Heç dözə bilmirəm, axı, o mənim bircə oğul balam idi. Allah Atiqin dostlarını qorusun , özü dostluğa sadiq olduğu kimi, yoldaşları da ona sadiqdir. Dostu sağ olsun, həyətimizdə Atiqin adına şəhid bulağı tikdirdi. Həyətə düşəndə elə bilirəm ki, Atiq oradadır, belə təsəlli tapıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, içində də mənim balama”. 
Biz şəhidin evində olarkən ailəsini ziyarətə Mingəçevir 16 saylı məktəbin müəllim və şagirdləri də gəldilər. Şəhidin atası oğlunun keçdiyi igidlik məktəbindən qürurla şagirdlərə danışdı. Onlara dedi ki, siz də Atiq kimi yaxşı oxuyun, qəhrəmanlarımıza layiqli övladlar kimi yetişin və arzu edırəm ki, hər biriniz həyatda öz layiqli yerinizi tapasınız. 
Qeyd edək ki, Atiq İbrahimov pulemyotçu idi. Ballıqayadan Cəbrayıl, Suqovuşan, Ağdərə, Talış uğrunda gedən döyüşlərdə torpaqlarımız uğrunda döyüşdü, oktyabr ayının 16-da qəhrəmancasına şəhid oldu. Allah rəhmət eləsin!


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top