“Azərmaş” əsgərin iddiasına cavab verdi – YENİLƏNİB

"“Azərmaş” şirkətinin adının hallandırıldığı məsələ ilə bağlı bildiririk ki, “Azərmaş” şirkəti ilə Məmmədov Anar Qurban oğlu arasında bağlanmış “Daxili lizinq” Müqaviləsinə əsasən “KHAZAR SD” markalı, 99-PF-436 dövlət qeydiyyat nişanlı avtomobil Anar Məmmədovun müvəqqəti sahiblik və istifadəsinə verilib".

Yeniavaz.com unikal.org-a istinadən xəbər verir ki, “Azərmaş” şirkəti sosial şəbəkələrdə haqqında yayılan məlumatlar barədə açıqlamada bu ifadələrə yer verib. Bildirilir ki, ölkəmizdə tətbiq edilən hərbi vəziyyətdən əvvəlki dövrdə A.Məmmədov öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və yalnız bundan sonra gecikdirilmiş öhdəliklər icra edilib.

Məmmədov Anar Qurban oğlunun hərbi xidmətdə olduğu zaman onun həyətindən “Azərmaş” şirkəti tərəfindən avtomobilin aparılması ilə bağlı isə bildiririk ki, 09 noyabr 2020-ci il tarixdə Anar Qurban oğlu Məmmədov lizinq obyekti olan avtomobili idarə edən zaman BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, onun barəsində 3623149 saylı İXP tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmiş və avtomobilin BDYPİ-nin duracağına yerləşdirilməsi təmin edilmişdir.

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə məsələnin mahiyyəti araşdırılmadan “Azərmaş” şirkətinə qarşı tənqidi fikirlərin yaranması və yayılması bizi təəssüfləndirir. Əgər “Azərmaş” şirkəti tərəfindən Məmmədov Anar Qurban oğlunun ictimailəşdirdiyi bu məsələ ilə bağlı hər hansı qanun pozuntusuna yol verilibsə, bu pozuntuya görə qanuna müvafiq olaraq cavab verməyə hazırıq.


***30 noyabr, saat 14:05

"Azərmaş" ASC iki aylıq kredit gecikməsinə görə cəbhədə döyüşüb yaralanmış, hətta indi də xidmətini davam etdirən əsgər Məmmədov Anar Qurban oğlunun "Xəzər” markalı avtomobilini onun yaşadığı evin həyətindən aparıb. 
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı əsgər A.Məmmədovun özü sosial şəbəkə vasitəsilə məlumat verib. 
Hazırda Qarabağda olan qazi deyir: “Mən özüm könüllü olaraq düşmənlə döyüşə qoşulmuşam. Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanmışam. Belimdə və bədənimin digər hissələrində zədələr var. Buna baxmayaraq bu gün də xidməti davam etdirirəm. Döyüşlərdə iştirak etdiyim üçün kredit götürdüyüm avtomobilin ödənişini iki ay gecikdirmişəm. "Azərmaş" ASC-dan maşını 4500 manat ilkin ödəniş edərək almışam. Aylıq ödənişi 385 manat idi. Mən "Azərmaş" ASC-lə, oranın Ramin adlı əməkdaşı ilə əlaqə saxladım. Bildirdim ki, döyüşdən qayıdan kimi ödənişi edəcəyəm. Buna baxmayaraq avtomobili yaşadığım evdən aparıblar. Mən Ali Baş komandandan və dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər. Anam və qardaşım ağır xəstədirlər. Ailənin dolanışığı mənim üzərimdədir. Mən həmin maşınla taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi dolandırırdım".
Məsələ ilə bağlı "Azərmaş" ASC şirkəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top