Paşinyan Ter-Petrosyan və Köçəryana: "Putin məndən belə bir şey soruşsa, nə cavab verim?"


Nikol Paşinyan Ermənistanın birinci və ikinci prezidentlərinin Moskvaya səfər etməsi üçün onunla apardıqları danışıqlar barədə məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb. O bildirib ki, oktyabrın 20-də Qondarma rejimin ikinci və üçüncü “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan müharibə dövründə milli birliyin əlaməti olaraq Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin görüşünün təşkil edilməsini təklif ediblər. Paşinyanın sözlərinə görə, bəzi müzakirələrdən sonra o razılaşıb və keçmiş prezidentlər hazır olan kimi belə bir görüşün təşkili barədə razılıq əldə edilib. 
Növbəti görüşdə isə Qukasyan və Saakyan, Ermənistanın birinci və ikinci prezidentlərinin Moskvaya getmək, bir sıra yüksək səviyyəli görüşlər keçirmək və yalnız bundan sonra onunla görüşmək, alınan məlumatları müzakirə etmək istədiklərini bildiriblər.
Paşinyan yazıda qeyd edib ki, o, bu təkliflə də razılaşıb və hətta bunun üçün xüsusi reys təşkil etməyə hazır olduğunu bildirib. Lakin o bildirib ki, bu dəfə qarşı tərəf başqa bir istək səsləndirib. Belə ki, Levon Ter-Petrosyan və Robert Köçəryan Paşinyandan, Putinin onları xüsusi elçi kimi qəbul etməsi üçün razı salmasını istəyiblər. 
Paşinyan isə belə cavab verib: “Gün ərzində 5-6 dəfə Putinlə danışıram. Əgər o məndən, birbaşa deyə bilmədiyim və elçilər vasitəsilə çatdırmaq istədiyim şeyin nə olduğunu soruşsa, nə cavab verim?”.

DİGƏR XƏBƏRLƏR

Top