Dünyada ilk fəlsəfi yumor kitabının müəllifi – Əl-Cahiz


Əl-Cahiz “əl-Buxalə” (Xəsislər) əsərində yumoristik lətifələr və özünə məxsus yumor anlayışı ilə xəsisləri ələ salır, xəsisliyi tənqid edərək cömərdliyin daha yüksək dəyər olduğunu vurğulayır. Yumoru ədəbi bir növ olaraq ortaya çıxaran şəxsin əl-Cahiz olduğu qəbul edilir. Bu minvalla dünya ədəbiyyatında xəsislik mövzusunda və yumor üslubunda yazılmış ilk müstəqil əsər əl-Cahizin “Xəsislər” (Buxalə) kitabı hesab edilir.
Qeyd edək ki, ərəb ədəbiyyatının bir nümunəsi olan əl-Cahizin (767-868) “Xəsislər” (Buxalə) əsəri avropa ədəbiyyatında eyni janrda yazılan Çarlz Dikkensin (1812-1870) “Oliver Tvistin macəraları” romanından, həmçinin Çarlz Dikkens tərəfindən yazılmış "Milad nəğməsi" (A Christmas Carol) romanın əsas qəhrəmanı Ebenezer Scroogedan, yenə fransız yazıçısı Molyerin (1622-1673) “Xəsis” (L'Avare) əsərindən təxminən 8 əsr əvvəl qələmə alınmışdır.
Əl-Cahizin əsərində xəsislik obrazındakı sosial qrupun əsasən siyasi və iqtisadi gücü əllərində cəmləşdiən təbəqə olduğunu görürük. Bu minvalla əsərində bu obrazı canlandıran əl-Cahizin məqsədi sadəcə yumor və gülüş deyil, həm də siyasi və sosial tənqid olduğunu demək olar. Əslində xəsis insan obrazı ümumbəşəri əxlaqi dəyərlər baxımından problemli, lakin bir o qədər də gülüş doğuran bir obrazdır. Əl-Cahiz yaşadığı cəmiyyətdə məhz bu xəsis insan obrazını diqqət mərkəzinə gətirir, yumor üslubu ilə bu xüsusiyyətin mənfi cəhətlərini ortaya qoyur.
Yeniavaz.com xəbər verir ki, ümumiyyətlə dünya ədəbiyyatında həm nəzm, həm də nəsr əsərlərində xəsis insan obrazı və xəsislik vəsfi həmişə tənqid edilib. Klassik ərəb şerinin ən qabaqcıl həcv şairləri ən iti qılınclarını rəqiblərinin xəsislik damarına endirmişlər. Həmçinin klassik şer nümunələrində bir insanı xəsislik keyfiyyətindən uzaq tutmaq bir növ onu mədh etmək mənasına gəlirdi. Mərsiyələrdə ölən şəxsin arxasınca onun gözəl əməlləri deyiləndə “xəsislikdən uzaq olduğu” xüsusi olaraq vurğulanırdı.
Əl-Cahiz “Buxalə” (Xəsislər) adlı əsərində psixoloji və sosioloji bir xəstəlik olaraq qəbul edilən "xəsislik" mövzusuna toxunur. İnsanın yoxsulluq qorxusu ilə tamahkarcasına mal yığdığını, əslində isə özünə və ətrafındakılara zərər verdiyini vurğulayır. Xəsis insan bu davranışında özünü haqlı göstərmək üçün düşdüyü gülünc vəziyyəti əl-Cahiz incə, xoş və əyləncəyi, eyni zamanda ədəbi, fəlsəfi və tərbiyə edici bir metodla anladır.
Ümumiyyətlə yumorun hədəfi insanları güldürmək olsa da, əksər hallarda güldürmənin altında yatan əsas faktor fərd və cəmiyyətdəki nöqsan və qüsurları tənqid etməkdir. Qeyd edək ki, yumor insanlara kin və nifrət aşılamır, həmçinin burada insanları alçatlmaq məqsədi də güdülmür.
Əl-Cahiz əsas obrazda xəsis insanın yer aldığı hekayə və lətifələrdə bəzən xəsislik xəstəliyinə yaxalanmış bir şəxsin, bəzən də xəsis bir dostunun dili ilə danışır. Bəzən də hadisənin əsas qəhramanı özü olur və hadisəni öz dili ilə nəql edir. Əl-Cahiz kitabın giriş hissəsində xəsislər haqqındakı bu əsərini bir dostunun xahişini yerinə yetirmək üçün yazdığını qeyd edir. Bununla yanaşı əsərin əsas yazılma səbəbi ilə bağlı ərəblərin cömərdlik vəsfini önə çıxarmaq, həmçinin Xorasan və Bəsrə şəhərlərində xəsisliyi üstün bir əməl kimi qəbul edən Şuubiyyə hərəkatına qarşı atılan elmi bir addım kimi də qəbul etmək olar.
Bundan əlavə, əsərin tarixi, sosioloji və tərbiyəvi əhəmiyyəti ilə yanaşı elmi ağırlığı da var. Necə ki, psixologiya bir elm sahəsi kimi qəbul olunmağa başlamadan əvvəl əl-Cahiz xəsis insanların xarakterlərini, onların xəstə düşüncə tərzlərini, özlərini bu əməllərinə görə müdafiə etmə metodlarını araşdırmış və təhlil etmişdir.
Əl-Cahiz, zahiri görünüş olaraq qısa boylu, gözləri bərəlmiş formada və çirkin olmasına baxmayaraq incə ruhlu, gözəl əxlaqlı, şirin sözlü, yerində və məqamında söz söyləyə bilən bir şəxs idi. Onun elmi gücünə olan inamı və arxayınlığı bu cür fəzilət və üstünlüklər əldə etməsində əsas rolu oynayırdı. Görənləri iyrəndirəcək qədər çirkin bir bədən quruluşuna sahib olan bir insanın eyni zamanda belə üstün məziyyətlərə sahib olması insanın dəyərinin sadəcə zahiri görünüşü ilə ölçüləməyəcəyini göstərir.
Əl-Cahizin “Xəsislər” (Buxalə) əsəri ərəb ədəbiyyatındakı yumoristik boşluğu dolduran bir əsərdir. Əl-Cahiz əsərin əvvəlində gülməyin fəzilətlərindən bəhs edir və bu barədə dəlillər gətirir. Xəsis insanların yemək, içmək və geyinmək kimi ictimai həyatdakı fəaliyyətlərini yumorla ifadə edir. Xəsis bir insanın ruh dünyasını, daxili aləmini və xəsisliyin səbəblərini təhlil edir.
“Xəsislər” (Buxalə) kitabı əl-Cahizin məharətli bir yumor qabiliyyətinə, zəngin təcrübə və biliyə, üstün zəkaya sahib olduğunu göstərən bir əsərdir. Burada xəsisliyin anatomiyası təhlil edilərkən cəmiyyətdəki müxtəlif təbəqələrin, xüsusilə ərəblərdən başqa millətlərin xəsisliyindən danışılır. Dövrün sosial həyatına müəyyən çərçivədə işıq tutan və ədəbiyyat tarixi üçün dəyərli bir qaynaq olan bu əsər müxtəlif dillərə tərcümə edilmişdir.

Əl-Cahizin digər əsəri olan “Əl-Bəyan vət-Təbyin” əsərində əsas məqsədi, ərəb bəlağəti və şeri ilə şuubilərdən (ərəb olmayan millətlərin ərəblərdən üstün olduqlarını iddia edən firqə) üstün olduqlarını göstərmək idi. “Xəsislər” (Buxalə) əsərində isə eyni məqsəd və qayəni ərəblərin cömərdlik və əliaçıqlıq xüsusiyyəti ilə ortaya qoymağa çalışır. Ancaq “Xəsislər” (Buxalə) kitabında əl-Cahiz məqsədə çatmaq üçün istehzalı və yumoristik üslub seçərək xəsis insanları həcv edir. Əl-Cahiz ərəblərin səxavət və cömərdliyini o günün müsəlman cəmiyyətindəki digər xalqlardan seçilmiş xəsis obrazları ilə göstərməyə çalışmışdır.
Kitabın qəhrəmanlarına diqqətlə nəzər yetirəndə xəsisliklə bağlı bir neçə xarakter ortaya çıxır. Diqqət çəkən obrazlardan biri saraya olan yaxınlıqdan istifadə edərək kifayət qədər mal-mülk toplayan, ancaq bu zənginliyindən ətrafındakı insanlara bir qəpik belə verməyən bürokrat tipidir. Belə bir bürokrat saraydan çıxan hədiyyələrin başqalarına getməməsi, öz nəzarətində qalması uğrunda ağıla gəlməz yollara baş vura bilər. Xəsisliyi ilə ad çıxaran digər bir təbəqə isə ticarət və sələm yolu ilə zəngin olan zümrədir. Onlar pulun dəyərini çox yaxşı bilir, harasa sərmayə qoyanda çox diqqətli olarlar. Hətta pul məsələsində öz övladlarına belə güvənməzlər. Xəsislikdə ad çıxaran digər bir qrup isə şəhər həyatına hələ öyrəşməmiş yeni mühacir sinfidir. Bunlar Xorasan və İran kimi uzaq ölkələrdən gələn, yüksək təhsilə və böyük sərvətə sahib olsalar da lazım olduqda xərcləməyi bilməyən xam kişilərdir. Əl-Cahiz real düşünən, öz işində, fəaliyyətində şəraitə uyğun hərəkət edən, bununla yanaşı hadisələrə istehza, bəzən də şübhə ilə baxan bir şəxsdir. O, zəkaları ilə öyünən zənginlərin, elmli, savadlı insanların xəsisliklərini incə bir yumorla təqdim edə bilir.
Əslində əl-Cahizin xəsisləri tamamilə alçaltmaq, cömərdliyi də göylərə qaldırmaq kimi bir məqsədi yoxdur. Əl-Cahiz xəsislərin pul və sərvət toplamaqla bağlı sözləri və müdafiələrini elə incə bir üslubda verir ki, o bununla eyni zamanda qənaətcil olmanın, azla kifayətlənmənin fəlsəfi təməllərini atmış olur.

Əl-Cahiz qeyd edir ki: “Xəsislər az bir şeyi verməməklə israfdan uzaq durduqlarını düşünürlər. Halbuki bir az cömərdlik etməyin, səxavətli olmanın zərəriri gözə alsaydılar, xəsislik edərək qazandıqlarından dəfələrlə çoxunu əldə edərdilər”. “Xəsislər” (Buxalə) əsərində xəsis insanların sahib olduğu sərvətlərini başqalarından qorumaq üçün qeyri-adi metodlara əl atdıqları misallarla izah edilir. Misal üçün məşhur alim əl-Kindinin ev sahibi olaraq kirəçilərə yazdığı uzun məktubda kirəçilərdən şikayət etməsi, ev sahibinin evə qonaq qəbul etməmək üçün müraciət etdiyi müxtəlif yollar qısa hekayələrlə izah edilir. Bu əsərdə süfrəyə qoyulan çörək sayından suyun qənaətcil istifadə edilməsinə, həmçinin paltara yamaq vuraraq daha uzun müddət geyilməsinə qədər həyat üçün lazım olan hər bir şeyi necə daha qənaətlə istifadə etməyin yolları göstərilir.
Əl-Cahiz qeyd edir ki, qənaətcil olmaq, azla kifayətlənmək anlayışının ilk nüvələrini xəsis insanlar bu davranışlarını müdafiə edərkən ortaya atmışlar. Bu mənada xəsislik ruhu xəsis insanları fərqində olmadan fikir və düşüncə sahibi etmişdir.
Əl-Cahizin əsərlərini digər müasirləri ilə müqayisə etsək, onun əsərlərinin, işlədiyi mövzuların cəmiyyət üçün yad olmadığını görərik. Misal üçün İbn Mukaffanın iran, hind və yunan ədəbiyyatından etdiyi tərcümə və nəqllər o dövrün müsəlman xalqı üçün həm yeni, həm də həyəcan verici və ədəbi üslubda yazıldığına görə diqqəti cəlb edirdi. Ancaq müsəlman cəmiyyəti özləri ilə bu ədəbi əsərlər arasında mənəvi bir əlaqə qura bilmədi. Çünki bu əsərlərdə qeyd edilən hadisələr yaşadıqları zaman və məkanın xaricində meydana gəlmişdi. Bu səbəblə də İbn Mukaffanın əsərlərindənsə əl-Cahizin kitablarına daha çox rəğbət göstərdilər. Əl-Cahizin əsərlərinin üslubu daha səlis, daha zərif və rahat olması da burada öz sözünü deyirdi.
İbn Mukaffanın üslubu isə sərt və darıxdırıcı idi. Həmçinin o bütün xalqa deyil, daha kübar və aristokrat təbəqəyə səslənirdi. Ancaq əl-Cahizin tərzi yumoristik və əyləndirici idi. O xalqın bütün təbəqələrinə səslənirdi. İbn Mukaffanın xarixi mədəniyyətlərdən aldığı təsir əsərlərində özünü açıq şəkildə biruzə verir. Əl-Cahizin əsərlərində isə mənsubu olduğu ərəb mədəniyyətinin ağırlığı hiss edilir, əsərlərində ayələr, hədislər, ərəb atalar sözləri və şerlərdən sitatlar gətirilir.
Əl-Cahiz zarafatı sevən bir xarakterə sahib idi. Bir gün ona: “Vəziyyətin necədir?” deyə soruşurlar. O da belə cavab verir: “Vəzir mənim fikirlərimə görə hərəkət edir. Xəlifə tez-tez mənim ziyarətimə gəlir. Ən qidalı quş ətlərindən yeyirəm. Ən yumşaq paltarları geyinirəm. Allah (c.c) bir xeyir verənə qədər bu şəkildə səbr edəcəm!”. Ona: “Sən onsuz da xeyir içərisindəsən!” deyiləndə isə o belə deyir: “Əksinə, mən xəlifə olmaq və Muhamməd ibn Abdulməlikə (yəni vəzirə) əmr vermək istəyirəm!”

Əl-Cahizin yaşadığı dövrdə ərazilərinin genişlənməsi və başqa millətlərin ərazilərinin fəthlər yolu ilə Abbasi xilafətinin tərkibinə qatılmasından sonra çoxmillətli bir sosial həyat formalaşmağa başlamışdı. Bunun nəticəsində də zənginlik artmış, həmçinin əyləncə və kölə ticarəti kimi amillər iqtisadi həyatın canlanmasına səbəb olmuşdu. Bu dövrdə cariyələrin nəsilləri çoxalmış, soylar bir-birinə qarışmışdı. Digər yandan bir çox insan üçün həyat çətin olmağa başlamış, dilənçilik və dilənənlər ortaya çıxmışdı. İnsanlar arasında zahidlik və tərki-dünyalıq meyləri artmışdı. Bir sözlə Abbasilər dövründə ictimai həyatda müxtəlifliklər çoxalmışdı. Beləcə ərəblər və məvalilər, ərəblər və kölələr, ərəb milliyyətçiliyi və şuubilik (ərəb olmayan millətlərin ərəblərdən üstün olduqlarını iddia edən firqə), möminlər və kafirlər, iman və küfr və s. kimi bir-birinə zidd məfhum və qruplar bir arada yaşayırdılar. Əl-Cahiz yaşadığı bu dövrü aydın şəkildə sonrakı nəsillərə çatdırma işində böyük rol oynamışdır. Yuxarıdakı məqamlardan da aydın olduğu kimi yaşadığı dövrdəki etnik və mədəni müxtəliflik əl-Cahizin əsərlərinə və qələminə mühüm dərəcədə təsir etmişdir.
Əl-Cahiz düşünmək qədər güldürmənin, insanları güldürərək düşünməyə sövq etmənin üstün bir məziyyət olduğu anlamış, həmçinin bunu dünyada ilk həyata keçirən şəxs olmuşdur.
Qeyd: Yazının əvvəlinə buradan baxa bilərsiniz.
Mövzuya davam edəcəyik… 
 
Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top