“Türklər zəfərin dadını daim dadmaq istəyərlər” - Əl-Cahiz


İslam tarixində Abbasilər dövrü müsəlmanların elmi və mədəni cəhətdən qızıl dövrü hesab edilir. Bu dövrdə elmi fəaliyyətlər dövlət tərəfindən dəstəklənmiş, xarici mədəniyyətlərin əsərləri ərəb dilinə tərcümə edilmiş, müsəlman cəmiyyəti elmdə sıçrayış əldə etmişdi. Bəsrə və Bağdad şəhərləri iki böyük elm mərkəzi halına gəlmiş, müsəlmanlar ərəb dilində orijinal əsərlər qələmə almışlar. Belə bir mühitdə İslam dünyasının düşüncə həyatında iz buraxan böyük alimlər yetişmişdir. Bu alimlərdən biri də elm və mədəniyyət mərkəzi olan Bağdadda dünyaya gələn Amr ibn Bəhr əl-Cahizdir (767-868).
Yeniavaz.com xəbər verir ki, həyatında oxumaqdan başqa qayəsi olmayan əl-Cahiz kitab nüsxələrinin çoxaldıldığı və kitabların təmir edildiyi “vərraq” adı verilən dükanlarda qalaraq səhərlərə qədər yatmadan kitab oxuyardı. Əlinə keçən hər bir kitabı oxuyan əl-Cahizə haqlı olaraq “Ərəblərin dahisi”, “Şeyxul-kuttəb”, “Şeyxul-ərəbiyyə” və “Şərqin Volteri” kimi adlar verilmişdir.


Qətərdə və Suriyada əl-Cahizin adına buraxılan poçt markaları
İlk dövrlərdə müsəlmanlar sadəcə ərəblərdən ibarət idi. Bu minvalla müsəlman ərəblər Həzrət Ömərin (r.a) dövründəki fəthlərdən sonra xarici qövm və millətlərlə qarşılaşmağa başladılar. Təbii ki, bu da əl-Cahizin fərqində olduğu kimi ərəb dilində bəzi pozulmaların meydana gəlməsinə səbəb olurdu. Əl-Cahizin yaşadığı miladi 767-868-ci illərdə ərəb dili və qrammatikası ilə bağlı əsərlər hələ qələmə alınmamışdı. Bu baxımdan ərəb ədəbiyyatının ən böyük nasirlərindən biri olan əl-Cahizin inkişaf etməkdə olan bu yeni mədəniyyət və sivilizasiyanın əsas ünsiyyət vasitəsi olan ərəb dili və ədabiyyatına misilsiz töhfələri olmuşdur.
Elm və mədəniyyət baxımından çox zəngin dövrdə yaşayan əl-Cahiz bu elmi mühitdən çox yaxşı istifadə edə bilmişdir. O, dövrünün ən məşhur alimlərindən dərslər almış, kəlam alimlərinin elmi münaqişələrini diqqətlə izləmiş, yaşadığı dövrü hərtərəfli bir şəkildə öyrənmişdir. Görüş və nəzəriyyələri, yazdığı əsərləri ilə dövrün dövlət adamlarının diqqətini çəkmişdir.
Əl-Cahiz kəlam və ədəbiyyat başda olmaqla siyasət, əxbər elmi (hər hansı qövm, qəbilə və ya şəxs haqqında nəql olunan bilgilər), sənət, ticarət, psixologiya, sosiologiya, musiqi və s. bir çox sahədə əsərlər yazan, yaşadığı dövrü ədəbi bir dillə təsvir edən ensiklopedik şəxsiyyətdir.
Əl-Cahizin əsərlərinin hamısı hər nə qədər günümüzə qədər gəlib çatmasa da 400-ə yaxın əsər qələm aldığı qeyd edilir. Qələmə aldığı əsərlərində yaşadığı dövrün sosial həyatını çox sayda nümunələr verərək, yaşanmış hekayələr nəql edərək hər tərəfli bir şəkildə əks etdirmişdir. Onun əsərləri yaşadığı dövr haqqında bilgi əldə etmək istəyənlər üçün mühüm bir qaynaqdır. əl-Cahiz öz dövründəki müxtəlif dinlərə mənsub insanları, etiqadi və fəlsəfi cərəyanları, məzhəblərin görüşlərini obyektiv olaraq sonrakı nəsillərə nəql etmişdir. Bədəvi ərəblərin vaxtilə səhra çölünün ortasında dediyi hər hansı bir söz və ifadələr əl-Cahizin əsərlərində bir dəyər qazanmağa başlamış, fəlsəfi bir kimliyə bürünmüşdür.
Əl-Cahizin yaşadığı Abbasilər dövründə ərəb olmayan millətlərin ərəblərdən üstün olduqlarını iddia edən “şuubiyyə” firqəsi ortaya çıxmışdır. Əl-Cahiz siyasi, fikri və ədəbi bir hərəkat olan bu firqəyə heç vaxt qoşulmamışdır. Şuubilər İslam cəmiyyətində ərəblərə müxalif bir firqə olaraq ortaya çıxmış, ərəblərin üstünlük və fəzilətlərini rədd edərək bir çox qüsur və əskikliyi onlara şamil edirdilər. Bəzi müəlliflər əl-Cahizin “şuubiyyə” firqəsinə mənsub olduğunu desələr də bu o qədər doğru deyil. Çünki o əvvəla heyranı olduğu ərəb adət-ənənəsinin, ədəbiyyat və folklorunun şiddətli bir tərəfdarıdır.

Əl-Cahizin əsərlərində misal gətirdiyi nümunəvi insan tipləri ərəblərdir. Əl-Cahiz bir növ özünü ərəbləri müdafiə etməyə həsr edir və onların iki əsas fəzilətinə diqqət çəkir. Birincisi “əl-Bəyan vət-Tibyan” əsərində qeyd etdiyi “fəsahət və bəlağət” xüsusiyyəti, digəri də “əl-Buxalə” (Paxıllar) əsərində qeyd etdiyi ərəblərin “cömərd” olma xüsusiyyətidir. Qeyd edək ki, əl-Cahiz Abbasi xilafətinin güclü bir müdafiəçisidir. Yazdığı əsərlərində fürsət düşdükcə dövlətin müdafiəsində söz və güc sahibi olmağa başlayan digər millətləri də yaddan çıxarmır, onların məziyyət və üstünlüklərindən bəhs edir. “Fədaiul-ətrak” (Türklərin üstünlükləri) adlı əsəri məhz bu məqsədlə yazılan əsərdir.
Əslən ərəb olmasına baxmayaraq əl-Cahizin qələmə aldığı “Fədailul-Ətrak” (Türklərin fəziləti) əsərində türklər mədh edilmiş və ərəblərin türklər haqqındakı görüşlərinə yer verilmişdir. Türklərin fəziləti haqqındakı qələmə alınan bu mühüm əsər qeydlər və biblioqrafiya əlavə edilərək Ramazan Şeşen tərəfindən ilk dəfə 1967-ci ildə Türkiyə türkçəsinə tərcümə edilmişdir.

Əl-Cahizin bu əsəri İslam aləmində Türklər haqqında yazılan ən qədim əsər hesab olunur. Müəllif əsəri tərəfsiz və obyektiv bir şəkildə qələmə aldığını qeyd edir. Həm qərb, həm də şərq ölkələrində bir çox elm adamı bu dəyərli və minillik klassik əsərdən istifadə etmiş, elmi çalışmalarda istinad göstərmişdir.
“Fədailul-Ətrak” (Türklərin fəziləti) əsərində əl-Cahiz belə deyir: “Türkün ömrünün günlərini toplasan, atı üzərində keçən günlərinin yerdə keçirdiyi günlərdən daha çox olduğunu görərsən”. Əl-Cahiz kitabın başqa bir yerində isə belə nəql edir: “Türk atını müalicə edib sağaltmada bir baytardan daha mahir, atını istədiyi kimi tərbiyə etmə işində isə bir at baxıcısından daha bacarıqlıdır. Atını özü yetişdirər, tay (iki-üç yaşa qədər olan erkək at) ikən özü tərbiyə edər, atının adını desə atı onun dalınca gələr, qaçarsa atı da arxasından qaçar. Bir türk müharibədə, səfərə gedəndə, ova çıxanda atından istifadə edər, digər atlar da arxasınca gələr. Acanda, ya da yeməyə ehtiyac olanda atlarından birini kəsərək ərzaq ehtiyacını qarşılayar. Susayanda dişi atını sağaraq südündən içər, mindiyi at yorulanda yerə enmədən digər atına minərək yoluna davam edər”.
Əl-Cahiz türklərin hərb sənətini çox yaxşı bilmələri haqda bunları qeyd edir: “Türk vəhşi heyvana, quşa, havadakı hədəfə, insana, əyilmiş ya da yerə oturmuş heyvan üzərindən hədəfə, ovunun üzərinə şığıyan quşlara rahatlıqla ox ata bilir. O üzərindəki heyvanı sürətlə sürdüyü halda önə, arxaya, sağa və sola, yuxarıya və aşağıya ox atar. Başqaları yayına bir ox qoya bilmədən Türk on dənə ox atar”.
“Bir türk digər əsgərlərlə yola çıxarsa başqaları on mil (bir mil 1.6 km-ə bərabərdir) qət etmədən türk iyirmi mil qət edər. Sağındakı və solundakı əsgərlər geridə qalar. Ov ovlamaq üçün dağların ən yüksək yerlərinə dırmanar, vadilərin ən dərinliklərinə qədər enər. Bu arada sürünən, gəzən, uçan və qonan hər şeyə ox atar”.
Əl-Cahiz bu əsərində türklərin ox, nizə, qalxan və s. kimi hər cür silahın istehsalında nə qədər usta və mahir olduqlarını belə izah edir: “Bir türk bu silah və avadanlıqların hamısını heç kimdən kömək almadan başdan-sona qədər özü düzəldər. Bunun üçün heç bir sənətkar və dülgərin, ustanın yanına getməz, silahının ustası məhz özü olar. Bir türk çox vaxt evindən uzaqda gecələyər, ov-ovlamaqla həyatını davam etdirər. Oxlarını yapışqanla cilalayar, yontaraq üzərinə qoyun bağırsağı keçirər”.

Əl-Cahizin “Fədailul-ətrak” (Türklərin üstünlükləri) adlı əsərinin sərlövhə səhifəsi (Suleymaniyə kitabxanası, Ayasofya 4159)
Türk irqinin xasiyyət, fəzilət və üstünlükləri ilə bağlı fikirlərini bildirən əl-Cahiz, türklərin əlində əsir qalan Sümamə adlı bir şəxsin bu sözlərini nəql edir: “Onların əlində bir müddət əsir qaldım. Onlar kimi insana dəyər verib hörmət göstərən görmədim”.
Yenə əl-Cahiz “Fədailul-Ətrak” (Türklərin fəziləti) əsərində bunları qeyd edir: “Türklər yaltaqlanma, münafiqliq, ikiüzlülük və riyakarlıq, böhtan atma, dostlarına qarşı kibirlənmə və fənalıq kimi şeylərdən uzaqdırlar. Bu kimi pis əxlaqi xüsusiyyətlər onları pozmayıb. Başqalarının malını hiylə ilə ələ keçirib özlərinə halal saymazlar. Onların yeganə qüsuru və başqalarını onlardan soyudan xüsus vətənlərinə qarşı çox bağlı olmaları, zəfərin sevincini həmişə dadmaq, ard-arda zəfər əldə etmək istəmələridir. Türklər qənimətin dadını və çox olmasını sevərlər. Uzun müddət boş dayanmaqla qəhramanlıqlarının boşa getməsini, aradan uzun müddət keçməklə enerjilərinin tükənməsini istəməz, bu səbəblə də müxətlif məmləkətləri gəzməyi, yağmalama və talanı sevərlər”.
Əl-Cahiz, türklərdəki əngin vətən sevgisi və həsrətini belə ifadə edir: “Türklər ərəblərdən sonra vətən sevgisinə ən çox sahib olan millətdir. Çünki onların vücudlarının tərkibində, təbiətlərində başqa millətlərin sahib olmadıqları dərəcədə məmləkətlərinə bağlılıq, vətənin torpağını və suyunu üstün tutma xüsusiyyətləri var”. Əl-Cahizə görə, vətən sevgisi bütün insanları və bütün məmləkətləri əhatə edən bir xüsusiyyət olmaqla yanaşı türklərdə digər millətlərdən daha çox və daha köklüdür.
Nəticə olaraq deyə bilərik ki, əl-Cahizin “Fədailul-Ətrak” (Türklərin fəziləti) əsəri diqqətlə və düşünərək oxunması gərəkən min ildən günümüzə qədər gəlib çıxan dəyərli bir tarixi vəsiqədir.
İslam tarixinin ilk dövrlərinə aid bəzi xəbərlərdə türklər haqqında mənfi rəy və bu xətt üzrə müxtəlif rəvayətlər dolaşırdı. Bu rəvayətlərin təsiri ilə Abbasi xilafət ordusunun mühüm bir parçası halına gələn türklər haqqında bir sıra şayiələr yayılmışdı. Əl-Cahiz də məhz belə bir dövrdə bu qərəzli fikirləri yıxaraq türklərin İslamın yardımçısı, çoxsaylı orduları ilə xəlifələrin hamisi və sağlam qalxanı olduqlarını deyərək onların parlaq gələcəyinə diqqət çəkmişdir.

Əl-Cahizin “Fədailul-ətrak” (Türklərin üstünlükləri) adlı əsərinin ilk iki səhifəsi
Əl-Cahiz sahib olduğu üstün bir sezmə və hissetmə gücü ilə türklərin önəmini görüb anlamış, onların əleyhində çıxan şayiələrə qarşı “Fədailul-Ətrak” (Türklərin fəziləti) əsərini yazmışdı. O, bu əsərində ərəb böyüklərinin türklərin xarakter, qəhrəmanlıq və üstünlükləri barədəki sözlərinə yer vermiş, bunlara öz təcrübə və müşahidələrini də əlavə etmişdi.
Güclü bir zəkaya sahib olan əl-Cahiz insanlarla çox rahat bir şəkildə dialoq və ünsiyyət qura bilən təvazökar bir insan idi. O heç vaxt qəbilə təəssübkeşliyinin tərəfdarı olmamışdır. Bununla yanaşı əl-Cahiz ərəblərin üstünlük və fəzilət olaraq qəbul etdiyi bəzi vəsfləri sayaraq Şuubiyyə hərəkatına (ərəb olmayan millətlərin ərəblərdən üstün olduğunu iddia edən siyasi, fikri və ədəbi hərəkat) qarşı çıxmışdır. Digər tərəfdən də o ərəb olmayanların fəzilət və üstünlüklərindən bəhs etmişdir. Bir sıra risalə və əsərində ərəb olmayan müsəlman xalqlarının haqq və hüquqlarını müdafiə etmiş, onların uğurlarını dilə gətirmişdir.
Bununla da əl-Cahiz qatı bir ərəb milliyyətçisi olmadığını, ərəb olmayan müsəlman xalqlara, yəni məvaliyə qarşı əsla düşmən mövqeyi bəsləmədiyini vurğulamışdır. Əl-Cahiz məvaliyə deyil, məvalinin başlatdığı şuubiyyə (ərəb olmayan millətlərin ərəblərdən üstün olduğunu iddia edən siyasi, fikri və ədəbi hərəkat) hərəkatına qarşı çıxmışdır.
Əl-Cahizin gözləri yaradılış olaraq bərəlmiş formada idi. Onun incə boynu, qalın dodaqları, dərisi nisbətən qara və qısa boylu idi. Əl-Cahiz şən, zarafatı sevən, zəkalı və hazırcavab idi. Bir qədər xəsisliyi ilə bilinən əl-Cahiz elmi münaqişələri sevərdi. Görünüş olaraq çirkinliyinə baxmayaraq şəxsi keyfiyyətləri onu sevdirmiş, ən yüksək vəzifələrdəki dövlət adamları ilə sıx münasibətlər qurmuşdur.
Əl-Cahiz zahiri görünüş olaraq çirkinliyi ilə yanaşı, ərəb ədəbiyyatında bir çox lətifə və hekayənin mövzusu olmuş, hələ həyatda ikən şöhrətin ən zirvə nöqtəsinə çatmışdır. Bir gün onun müasiri olan Əbu Hiffana: “Əl-Cahiz səni sözü və sənəti ilə ötüb keçdi. Nə üçün onu hicv etmirsən?” deyə soruşurlar. O da belə deyir: “Vallah, hələ ağlım yerindədi. Onu hicv etsəm, mənə qarşı elə sözlər yazar ki, axşam olmadan xəbəri gedib Çinə çatar”. Əl-Cahiz bir şerində belə deyir: “Məndən əvvəl bir çox şair gəlib keçsə də, heç bir əhəmiyyəti yoxdur. Mən yavaş addımlarla onların hamısını ötüb keçdim”.
Əl-Cahiz, hardasa bir əsrlik (96 yaş) həyatı boyunca evlənməmişdir. Onun fiziki qüsurlu olması, həmçinin bir elm aşiqi olması rəvayətə görə istədiyi bir evliliyi etməsinə mane olmuşdur. Əl-Cahiz ifrat dərəcədə hürriyyətpərəst və azadlıqsevən bir insan idi. Haqlı olaraq insanları mühakimə etməkdən çəkinməz, dövlətin böyük məmur və şəxsiyyətlərini tənqid edər, bəzən də yeri gələndə onları mədh edərdi. Əl-Cahizin qələmindən və zəkasından istifadə etmək üçün bir neçə dəfə yüksək məqam və vəzifəyə gətirilsə də qısa müddət sonra istefa edərək azad həyatı tərcih etmişdir.
O, nə ətrafdakı insanların paxıllığına, nə də iradəsiz bir şəkildə əmr qulu olmağa razı idi. Əl-Cahiz ömrünün son illərində iflic xəstəliyinə tutulmasına baxmayaraq, kitablarını bir an belə tərk etməmiş, bir gün kitabxanasında kitab oxuyarkən rəflərdə olan kitabların bir qisminin üzərinə düşməsi ilə 868-ci ildə 96 yaşında vəfat etmişdir. Onun bu ölüm şəklinə görə ərəb ədəbiyyatında əl-Cahiz haqqında: “Kitabların altında qalaraq dünyasını dəyişən filosof” deyilmişdir.

Yazının davamını buradan oxuya bilərsiniz


Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top