Cəbhə bölgəsinə yardım aparanlardan 2-si yaralanıb, 2-si itkin düşüb - TƏFƏRRÜAT


Cəbhə bölgəsinə könüllü yardım aparan Haldun Novruzzadə avtomobillərinin vurulması və dostlarının itkin düşməsi barədə təfərrüatları danışıb.
Yeniavaz.com
xəbər verir ki, H. Novruzzadə 4 yoldaşı ilə birgə sentyabrın 28-dən başlayaraq çox sayda vətəndaşlarımızın dəstəyi ilə yığılan yardımları cəbhə bölgəsinə çatdırırdı. Ancaq, sonuncu yardımlarını apararkən başlarına bədbəxt hadisə gəlib.
H. Novruzzadə deyir ki, noyabrın 21-22-si sonuncu yardımı cəbhənin həm şimal həm də cənub istiqamətində aparıb payladıqdan sonra Bakıya qayıtmağı planlaşdırıblar:
“Həmin iki istiqamətə təcili yardım maşını həkim apardığına görə dedik elə bunlara yükləyək. Hər iki Ambulans, həkimi işğaldan azad olunmuş nöqtədəki hospitala düşürdü və ətraf yerlərdəki əsgərlərə yardımı paylamaq üçün ayrıldı. Qərara aldım ki, Biz yəni, Haldun, Sahil və sürücü Şimal istiqamətinə, digər maşın isə dostum Vüsal Suleymanlı, Ramin Kərəmli və yolda tanış olduğumuz sürücü Fəxrəddin əmi (Yaqubov) və könüllü bələdçi Üzeyir Cənub istiqamətində getsinlər. Hətta Fəxrəddin əmi dedi ki, mən Qubadlıdanam yolları yaxşı tanıyıram ora mənim vətənimdi. Üzeyir də Füzulidəndi idmançı, ovçu adamdı, kənddə tanınmış adamdı. Daha sonra saat təxmini 16:00 radələrində digər uşaqlara Vüsal və Raminə zəng etdik, zəng çatmadı dedik yəqin şəbəkə yoxdu, üstündən 1 saat keçdi yenidən zəng etdik Raminin və Üzeyirin telefonuna zəng çatırdı amma cavab vermirdilər digərlərinə isə zəng çatmırdı”.
Haldungilin qrup bu səbəblə narahat olmağa başlayır, sonra yenidən zəng etsələr də heç bir xəbər çıxmır. Daha sonra məlumat almaq üçün hospitala qayıtsalar da digər qrupdan hələ də xəbər yox idi:
“Füzulidəki evə qayıtdıq. Hardasa saat 22:30 radələrində mənə zəng gəldi, özünü komandir kimi təqdim edən şəxs dedi ki, yardım maşınınız minaya düşüb. Həmin 1 saniyədə boğazım qurudu, dedim kimdi, cavab verdilər ki, maşında olanları tanıyırsız?- dedim hə, Ramin və Vüsal, dedi onlar yaralanıb yanımızdadılar, sürücü ilə yanındakı adam yoxdu onların adını bilirsən?- dedim yox (onda bilmirdim), bu komandiri yönləndirdim hospitala sonra hər şey aydın oldu. Deməli, bu maşında qabaqda sürücü ortada Üzeyir sağ qapıda isə Ramin oturubmuş, Vüsal arxada kabinada yardımların yanında olub. Yaralı uşaqların danışdığına görə Qubadlı istiqamətinə gediblər, Qubadlının kəndlərini keçib Laçının Güləbird kəndinə giriblər, orda bizim postlara siqaret veriblər, orda olanlar deyib qabaqda da əsgərlərimiz var amma ora bu maşın gedə bilməz.  Bunlar da deyib ki, verib qayıdarıq, xəbərsiz şəkildə ordan yola səhv daxil olublar”
Həmin qrup səhv yolla bir müddət irəlilədikdən sonra Həkəri çayı tərəfdə Ermənistanla dövlət sərhədinə gəlib çatıblar:
“Bu vaxt meşədən atəş səsləri gəlib, tez maşını saxlayıblar geri dönüb qayıtmaq istəyəndə 5 saniyə sonra maşın qabaq hissəsindən vurulub və aşıb. Partlayan vaxt Ramin deyir zərbənin təsirindən pəncərədən 2 metr yuxarı uçaraq asfalta çırpıldım, özümü itirməyib tez kolluğa süründüm.  Bu vaxt uzaqdan səslər gəlir, rusca erməni aksenti ilə “qorxmayın gəlin bura, sülhdü, sizə heçnə etməyəcəyik” deyirlər. Partlayışdan sonra maşının içində olan Vüsal kiçik pəncərədən sürücünün sürünərək “ay allah” dediyini eşidib və ayağını görüb. Sürücü ilə kabina arasındakı arakəsmədən çıxmaq istəyəndə uzaqdan snayper vurub və güllə kurtkasını yandırıb dəyib maşının dəmirinə ilişib”.
Vüsal isə bu an özünü ölülüyə vuraraq 3 saat tərpənmədən gözləyib ki, qaranlıq düşsün. Bu müddət ərzində isə heç bir səs eşitməyib. Sadəcə 2-3 güllə atılıb və rusca bir iki söz uzaqdan eşidilib:
“Hava ala qaranlıq olan kimi Vüsal sürünə-sürünə aşmış maşının üst qapısının pəncərəsindən çıxıb, boylanıb maşının ön hissəsindəki içinə baxıb, içi boş olub, ətrafa baxıb ətrafda heç kim olmayıb ancaq Həkəri çayının digər tərəfi, meşədən yəni Ermənistan tərəfdən fanar işıqları görüb. Sürünə-sürünə maşınlarının gəldiyi istiqamətə gedib 5-6 metr sonra yolda kolun qırağında qaraltı görüb, yaxınlaşıb ki, Ramindi qan içindədi amma huşu yerində olub, sən demə Ramin də 2-3 saat gözləyib ki, qaranlıq düşsün o da bu müddət ərzində digər 2 nəfəri görməyib. Beləcə, sürünə-sürünə asfaltla çıxıb bizim əraziyə gəliblər. Raminin telefonuna gələndən sonra 24 saat zəng çatdı, sonra söndü. Həm kəşfiyyat, həm Polis Ramin ilə Vüsalı dindirib. İtkin düşənlərdən isə hələ də məlumat yoxdu. 48 saatdan çoxdu tapılmır və deyilənə görə dünən Qırmızı Xac işə girişib və Ermənistan tərəfə gedib”.
H. Novruzzadənin sözlərinə görə, yaralılardan birinin səhhəti yaxşıdı, digərinin isə sifəti və göz ətrafında yanıq və başında yara izləri var.

DİGƏR XƏBƏRLƏR

Top