Müstəqil Azərbaycan bayrağını Ağdama ilk sancan Milli Qəhrəman – Allahverdi Bağırov


Belə bir ifadə var: “Qəhrəman olunmur, qəhrəman doğulur”. Bu, bəlkə də insana hələ bətnində ikən verilən bir nemətdir. Tarixə nəzər salsaq bu xarakterin sanki türk xalqının əsas simvollarından birinə çevrildiyini görərik. Ən çox döyüş, müharibə görmüş xalq kimi tariximiz qəhrəmanlıq hekayələri ilə doludur. Xüsusilə 90-cı illərdə işğalçı Ermənistanın torpaqlarımıza hücumu ilə başlayan müharibədə həyatları bahasına döyüşən, bu yolda qeyri-adi cəsarətlər nümayiş etdirən çox sayda vətəndaşlarımız olub. Onlardan biri də Allahverdi Bağırovdur.
Yeniavaz.com
"Fraza" jurnalında dərc olunan Allahverdi Bağırov haqqındakı yazını təqdim edir.
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. 
Ailədə yeddi qız övladından sonra dünyaya gəlib. Bu səbəblə valideynləri onu Allahdan hədiyyə adlandırıb. Adını isə bu münasibətlə Allahverdi qoyurlar.
Yaxınları, dostları onu uşaqlıq illərində olduqca cəsarətli, qorxmaz, və haqsızlığa boyun əyməyən biri kimi tanıyırdılar. Allahverdinin ən öndə olan qabiliyyətlərindən biri insanlar arasında lider kimi özünü göstərə bilməsi idi.
Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında əsas rol oynayıb.  1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda Ağdam — Cəbrayıl oyununda kapitan olub.  1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranları arasında keçirilən oyunda iştirak edib, 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna Allahverdi Bağırov imza atıb.

90-cı illərdə Ermənistanın Azərbaycana hücumu ilə bir çox yerlərdən gələn könüllülər vətəni qorumaq üçün xüsusi dəstələr hazırlamağa başladılar. Onlardan biri də Allahverdi Bağırov idi. O, Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində qurulmuş kiçik özünü müdafiə dəstələri quraraq düşmənə qarşı vuruşmağa başlayıb. Dəstə yarandıqdan sonra Ağdamın müdafiəsi ən güclü səviyyədə təşkil edilir. Düşmən tərəflə müqayisədə dəfələrlə az olmalarına baxmayaraq ermənilərin Azərbaycan torpaqlarına girmələrinə heç bir şəkildə icazə vermirlər. Bütün qüvvələri ilə düşmənin Ağdamı işğal etmələrinə mane olurlar.
Allahverdi Bağırov daha sonra  Ağdam Xalq Cəbhəsinin sədri seçilir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama sancan da Allahverdi Bağırov olmuşdu.
Yeri gəlmişkən qeyd edək ki, Allahverdi Bağırovun qardaşı Eldar Bağırov da Qarabağ döyüşlərində ordumuzun vətəni müdafiəsində əsaslı işlər görən şəxslərdən biridir. 1951-ci ildə Ağdam rayonunda anadan olan Eldar Bağırov 1990-1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı olub. O, 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən qovulan ilk vətəndaşlarımız Ağdama gəldiyi vaxt onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlayır. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olub. Onun rəhbərliyi ilə 1991-ci il oktyabrın 4-də 745 saylı 790 nəfərlik batalyon qurulur. Allahverdi Bağırovun da dəstəyi ilə həmin batalyonda əsgərlər xüsusi təlimlər keçərək düşmənə qarşı uğurlu əməliyyatlarda iştirak edirlər. Lakin bir müddət sonra Eldar Bağırov Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilir. Qətlin səbəbləri və kimlər tərəfindən törədildiyi bilinmir. Bu hadisədən sonra Allahverdi Bağırov çox təsirlənir. Daha sonra isə qurduqları batalyona özü rəhbərlik etməyə başlayır. O, qardaşının vəfatından sonra saqqal saxlayır və ömrünün sonuna qədər elə yaşayır.

Erməni işğalçıları ilə döyüşlərin şiddətləndiyi 1992-ci ilin yanvarında Allahverdi Bağırovun başçılıq etdiyi tabor düşmənə qarşı yeni əməliyyat planı hazırlayırlar. Hücuma keçən könüllü ordu Naxçıvanlı kəndində Ermənistanın bütün canlı qüvvəsini və hərbi texnikalarını darmadağın edir. Cəmi 150 döyüşçüdən ibarət dəstə Allahverdi Bağırovun komandanlığı ilə Əsgəran qalasına qədər irəliləyir. Daha sonra Pircamal kəndindəki bütün yüksəkliklər düşməndən azad edilir Kətük kəndi ilə üzbəüz mövqe qurulur. Bölgədəki bütün erməni bayraqları sökülərək yerinə Azərbaycan bayraqları asılır. Bu uğurlu əməliyyatın başa çatması, həmin bölgədəki torpaqlarımızın azad edilməsi üçün cəmi 2 saat vaxt lazım olur. Məhz bu əməliyyata görə, Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülür. 
Allahverdi Bağırovun döyüş yoldaşları onu ciddi, tələbkar və möhkəm iradəli olduğunu bildirirlər. Onunla çiyin-çiyinə vuruşan Qarabağ qaziləri müsahibələrində həmin günləri belə xatırlayır:
“Allahverdi Bağırov çox nadir komandirlərdən idi ki, döyüşə dəstənin ən qabağında gedirdi. Bir dəfə kəndlərdən birini azad edəndə bütün dəstəyə, “birdən kənddə əhalidən qalan hər nə isə qarət etməyə çalışarsınız ha, doğma oğlum olsa güllələyərəm onu. Biz oğurluğa getmirik, torpaq almağa gedirik”-deyə xəbərdarlıq edir”.
Allahverdi Bağırovun ən təsirləndiyi hadisə Xocalı Soyqırımı olur. Xocalı qadınlarını və qızlarını görəndən sonra uzun müddət özünə gələ bilmir. Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir edir. O, həmin vaxtlarda televiziyaya verdiyi müsahibəsində hadisəni belə xatırlayır:
“Hətta, iki aylıq uşağı öldürüblər. İki aylıq uşağın ölümü hamını kədərləndirir, həmçinin də məni və mənim döyüş yoldaşlarımı. Ermənilər hədlərini aşıblar”.
Bundan sonra Allahverdi Bağırov dəstəsini tam hazır vəziyyətə gətirir və 1992-ci ilin 12 iyununda Xocalı rayonunda yerləşən Aranzəmin kəndini azad etmək üçün düşmən üzərinə hücuma keçir.
Onun ən böyük uğuru məhz həmin əməliyyat zamanı əldə edilir. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edir  və 10 düşmən əsgərini əsir götürür.  
Allahverdi Bağırov Xocalı Soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edə bilib. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. 
 Səkkiz gün ermənilərin əlində əsir qaldıqdan sonra xilas edilən Hüseynağa Aydın oğlu Quliyev həmin azad edildiyi anları belə xatırlayır:
“Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar.
Allahverdi Bağırov 1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılır. Geri qayıdarkən getdikləri avtomobil minaya düşür. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olurlar.

Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilir. 
Keçmiş futbolçu Elşad Xudadatov Allahverdi Bağırovla bağlı bir hadisəni belə xatırlayır:
“Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi”.
1993-cü ildə döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Milli Qəhrəman adı verilir.
Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var.

 

DİGƏR XƏBƏRLƏR

Top