Kiprlə Rusiya arasında yeni qalmaqal baş verə bilər. Buna səbəb Kipr məhkəməsinin Rusiya Beynəlxalq Bankının 65 milyon dollar kreditini mənimsəməkdə günahlandırılan Dmitri Gersimenkonun deportasiyasından imtina etmə barədə qərar qəbul etməsidir. "Yeniavaz.com"un RİA Novosti agentliyinə istinadən yaydığı məlumata görə, Kipr məhkəməsi Rusiyanın Gerasimenko ilə bağlı iddiasını qəbul etməyib. Məhkəmənin qərarından sonra Gersimenko naməlum istiqamətdə yoxa çıxıb. Yerli "Cyprus Weekly" qəzetinin iddiasına görə hökumət orqanları onun Şimali Kipr tərəfə keçməsindən ehtiyat edirlər. Gersimenko bu ilin dekabr ayının 15-də Larnaka hava limanında həbs edilib. O buradan Milana uçmaq niyyətində idi. Lakin məhkəmə qərarından sonra Gerasimenko girov qoyduğu 150 min avronun və pasportunun arxasınca gəlməyərək müəmmalı şəkildə yoxa çıxıb. Qeyd edək ki, Gerasimenko Volqoqraddakı "Krasnaya Oktyabr" metallurgiya zavodunun, həmçinin "Volqoqrad" və "Kantu" (İtaliya) basketbol klublarının sahibi idi.