Tanınmış musiqişünas şəhidin oxuduğu məşhur mahnıya musiqi əlavə etdi - VİDEO


Son günlər səsi və şəhid adıyla yüzlərlə insanın rəğbətini qazanan Xudayar Yusifzadənin səsinin üzərinə fon musiqisi əlavə edilib. 
Yeniavaz.com
xəbər verir ki, şəhidin oxuduğu mahnını arxa fonda müşayət edən şəxs Fransada Azərbaycan musiqisini tanıdan Etibar Əsədli olub. 
Şəhidin qardaşı Məhəmməd Yusifzadə Yeniavaz.com-a bu təşəbbüsdən xəbərsiz olduqlarını deyib:
"Mən instaqramda əvvəldən Etibar bəyin izləyicisi idim. Elə Xudayar özü də onun izləyicisi idi. Dünən gecə instaqrama girəndə gördüm belə bir şey paylaşıb. Mən də rəy bildirib təşəkkür etdim”. 
Etibar Əsədlinin instaqram hesabında Xudayarın səsi olan həmin postun şərh bölməsində Məhəmməd qardaşının onun pərəstişkarı olduğunu qeyd edib:
"Qardaşım, Xudayar sizin musiqilərinizi həmişə dinləyirdi. Həmişə ifalarınız onun üçün ayrı bir seçim idi. Bu gün paylaşılsaydı sevincinin həddi-hüdudu olmazdı, amma qardaşım dastana döndü, dastan yazdı. Allahdan cəmi şəhidlərimizə məqam sahibi olmalarını, imam Hüseyn qonağı olmalarını arzu və dua edirəm. Allah hər birinizdən razı olsun, var olun, dəyərli insanlar. Var olun ki, şəhidlərimizi unutdurmursunuz. Onlar öz qanları, canları bahasına vətənimiz uğrunda bizlər üçün döyüşdü. Bu gün bizim də borcumuz onların adlarını daima yaşatmaqdır. Bir daha fəxr edirəm qardaşım Xudyarla. Bir daha fəxr edirəm bütün şəhid qardaşlarımızla. Fəxr edirəm qazilərimizlə. Sağ qalan döyüşçülərimizlə fəxr edirəm. Azərbaycanın namuslu oğlanları, qızları ilə fəxr edirəm. Fəxr edirəm ki, vətənim Azərbaycandır!"
Təşəbbüskar Etibar Əsədli də şəhidin qardaşına cavabında Xudayar 
Yusifzadənin şəhid olmasına təəssüfünü bildirib: 
"Kaş ki, geri qaytarsaydıq qardaşımızı. Canlı ifa edərdik. Allah rəhmət eləsin!"

DİGƏR XƏBƏRLƏR

Top