"Zaminbank"ın filial müdiri saxta sənədlərlə 1 milyon manat kredit veribmiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən "Zaminbank" ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahidlər ifadə verib.

Bankın İdarə Heyətinin sədr müavini Orxan Quliyev ifadəsində deyib ki, kənd təsərrüfatlı təyinatlı kreditlərin verilməsinə bankın Müşahidə Şurası və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qərar verilir: "Kreditlər biznes plana əsasən verilib. Belə ki, ümumilikdə 100 min manatdan artıq vəsait üçün müraciət edən vətəndaş əlindəki biznes plana əsasən, müraciət edir və onun barəsində sənəd Kənd Təsərrüfatı Nazirliyinə göndərilir, ordan razılıq gələrsə, Müşahidə Şurası bunu təsdiq edib və biz də bu kreditləri vermişik".

Məhkəmədə bildirilib ki, iş üzrə 5 nəfərə saxta sənədlərlə 1 milyon manat kredit verilib.

Təqsirləndirilən Müşfiq Bayramov deyib ki, ayrı-ayrı şəxslərin adına saxta biznes plan və torpaq sənədi hazırlayaraq, Müşahidə Şurasına göndərib, onlar isə bunu Kənd Təsərrüfatı Nazirliyinə göndəriblər: "Oradan kredit ayrılmasına razılıq verilib".

Məhkəmədə məlum olub ki, bu tipli saxta sənədlərlə kreditlər 157 şəxsə verilib, bunların da böyük əksəriyyəti kənd təsərrüfatlı kreditlərdir.

Bununla bağlı növbəti proseslərdə müvafiq şəxslər dindiriləcək.

Proses yanvarın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaq zamanı “Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

Ümumilikdə, banka dəyən ziyan 2 milyon 800 min manat təşkil edir. APA

DİGƏR XƏBƏRLƏR

Top