"Yerli istehsalı qaydaya sala bilməsək, manat dəyərini itirəcək"

Qarşıdan gələn 2017-ci ildə əhalini ən çox narahat edən məsələlərdən biri manatın dollar qarşısında dəyərini daha da itirə biləcəyi, nəticədə qiymətlərin yenidən qalxmaqda davam edəcəyi təhlükəsidir. Bəs doğrudanmı növbəti ildə də manatın dollar qarşısında dəyərini itirməsi prosesi davam edəcək? Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əli Əlirzayev 2017-ci ildə manatın dollar qarşısında dəyərini qoruyub saxlaya bilməsinin obyektiv və subyektiv amillərdən asılı olacağını söylədi. O qeyd etdi ki, Azərbaycan daxilində yerli istehsal nə qədər çox olsa və xaricdən gətirilən məhsulun payı azalmaqda, eyni zamanda dünya bazarında neft və neft məhsullarınıın qiymətləri qalxmaqda davam etsə, onda manat dollara nisbətdə öz dəyərini müəyyən qədər qoruyub saxlaya biləcək. Əli Əlirzayev: "Manatın dəyərini saxlaya bilməsi bazarda dollar bolluğundan asılı olacaq. Bunun üçün xaricə daha çox məhsul göndərmək lazım gələcək. Digər tərəfdən də manatın dəyərini qoruyub saxlaya bilməsi üçün yerli istehsal hesabına xaricdən gətirilən ərzaq və qeyri-ərzaq məhsullarının həcmini minimum həddə endirmək lazımdır. Azərbaycan elə ölkədir ki, ərzaq məhsullarına olan tələbatını nəinki ödəməyə, həm də onu xaricə göndərməyə qadirdir. Əgər biz yerli istehsalı qaydaya sala bilməsək, onda manat dollar qarşısında dəyərini itirməkdə və buna paralel olaraq ölkədə qiymətlər də artmaqda davam edəcək",-dedi.

DİGƏR XƏBƏRLƏR

Top