“Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Ermənistan ordusunda on mindən çox fərari var və daha da çox olacaqdı:
“Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Çünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər. Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılıb. Oranı onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik”.