“Ciddi şikayətləriniz-boğulma, təngnəfəslik, hərarətin 38,5-dən yuxarı olması, biruzə verilmiş halsızlıq, iştahsızlıq yoxdursa, DQO-nun KT müayinəsində ağciyərlərdə buzlu şüşə görüntüsü 15%-dən çox deyilsə və şikayətləriniz proqressivləşmirsə(artmırsa) antibiotik qəbul etməyin və sistem qoşdurmayın”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri feysbuk hesabında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.
Həkim bildirib ki, antibiotiklər virusa heç bir təsir etmir: “Antibiotiklər o zaman istifadə edilməlidir ki, prosesə bakteriyalar qoşulur, onun da əsas əlamətləri yuxarıda saydıqlarımızdır. Lazımsız antibiotik istifadəsi əksinə orqanizmi zəiflədir, xəstəliyi ağırlaşdırır. Lazım oldu-olmadı apteklərdən antibiotikləri, sistemləri və digər dərman preparatlarını alıb evə doldurmayın. Bu dərmanlara həqiqi ehtiyacı olan çox insanlar var ki, dərman tapa bilmirlər. Ağır və dərman preparatlarına çox ehtiyacı olan insanları düşünək lütfən, onların ehtiyacı çoxdur”.
Aydın Əliyev tibbi maskaların düzgün istifadə edilməsinin də vacibliyini vurğuldı: “Tibbi maskaların burun hissəsindəki metalı əyərək burunun formasına uyğunlaşdırmaq olur ki, bu da burun-yanaq üçbucağından açıq havanın daxil olmasının qarşısını alır. Dekorativ və digər maskalardan istifadə etməyin! Onların burun hissəsində bu metallik komponent yoxdur. Eyni zamanda apteklərdən xahiş edirəm süni qiymət artımı etməsinlər. Belə ağır məqamda xeyir güdmək olmaz”.