Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Tarix Muzeyinin elan etdiyi tender müsabiqəsinin (kortirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 14 min 979 manat dəyərində tender müsabiqəsinin qalibi “The Rich Holding” MMC olub.
“The Rich Holding” MMC Tarix Muzeyinə avadanlıqlar satacaq.
Qeyd edək ki, “The Rich Holding” MMC cəmi 8 ay əvvəl – 02.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan “The Rich Holding” MMC –nin qanuni təmsilçisi Hacızadə Samirə Faiq qızıdır. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 73, m 12 ünvanında qeydiyyatda olan şirkət haqqında açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
“The Rich Holding” MMC ilə bağlı maraqlı məqamlardan biri odur ki, bu şirkətlə eyni gündə (02.03.2020) eyni nizamnamə kapitalı (20 manat) ilə eyni ünvanda (Ağa Nematulla, ev 73, m. 12) və qanuni təmsilçi də (Hacızadə Samirə Faiq qızı) eyni şəxs olan daha bir şirkət – “Maryam Holding” MMC dövlət qeydiyyatına alınıb. Həm “The Rich Holding” MMC, həm də “Maryam Holding” MMC qeydiyyata alındıqdan qısa müddət sonra Milli Oftalmologiya Mərkəzinin keçirdiyi tender müsabiqələrinin qalibi olublar.
Onu da bildirək ki, qeyd olunan tender müsabiqələrindən başqa nə “The Rich Holding” MMC, nə də “Maryam Holding” MMC barədə açıq internet resurslarda hansısa məlumata rast gəlmək olmur.