“Yaralananda komandirlə bir-birimizə vəsiyyət etdik ki, hansımız şəhid olsaq...” - VİDEO


“Topun biri olduğumuz səngərin tən ortasına düşdü. Bir anlıq biz elə hiss etdik ki, şəhid olduq.Tez sürünə-sürünə səngərdən çıxıb, dağın ətəyinə düşdük. Baxdım ki, tabor komandirinin sol qulağından qan gəlir. Mən özüm də heç bir səs eşitmirdim. Bir az oradan uzaqlaşdıq. Tabor komandiri mənə dedi ki, Fəxrəddin gəl, bir-birimizə vəsiyyət edək. Hansı birimiz şəhid olsaq, digərimiz onun ailəsindən muğayat olsun” .
Yeniavaz.com
İctimai Televiziyaya istinadla xəbər verir ki, bu sözləri Füzulidən Qubadlıya kimi düşmənin ilk müdafiə səddini yaran qəhrəman Fəxrəddin Ağayev deyib. 44 günlük müharibədə əməliyyat imkanları konsepsiyası taborunun qərargah rəisi kimi döyüşlərdə iştirak edən Fəxrəddin Ağayev sağ ayağından qəlpə yarası alıb.
32 yaşlı kapitan yaralandığı anı belə xatırlayır:   
“Arxa tərəfimə mərmi düşdü, hiss elədim ki, ayağım keyidi. Baxdım ki, dizimin alt hissəsi yaşdır, iylədim gördüm ki, qandır. Sanitarı çağırdım, tez gəlib, yaranı bağlayıb qanı dayandırdılar. Rabitə ilə əlaqə saxlayıb müavinimə dedim ki, gəl döyüşü idarə elə, ancaq irəli getmək lazımdır”.
Qeyd edək ki, Ağayevlər ailəsinin ortancıl oğlu Bəxtiyar Ağayev də könüllü ön cəbhəyə yollanıb, hazırda Ağdamdadır.

DİGƏR XƏBƏRLƏR

Top