Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının ikinci layihəsində nəzərdə tutulan yeniliklər açıqlanıb.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Dövlət Proqramının ikinci layihəsi artıq tərtib olunub və hazırda müzakirəsi gedir. İkinci proqramın məntiqi və fəlsəfəsinin birinci proqramdan seçildiyini deyən nazir qeyd edib ki, burada artıq məqsəd xarici ali təhsil müəssisələrində qısa müddətdə mütəxəssis yetişdirmək deyil, ali təhsil sistemimizin səviyyəsini artırmaq, proqram vasitəsilə beynəlmilləşməsini təmin etməkdir: “Biz bu proqramda iki komponent görürük. Birinci komponent yalnız magistr və PHD səviyyəsində təhsilini davam etdirmək istəyən soydaşlarımıza imkan verməkdir. Bir qayda olaraq, onlar sonradan biznes sahəsində, dövlət qurumunda, özəl sektorda, ali məktəbdə və Azərbaycan Milli Elmlər Akademiyasında işləyə biləcəklər. İkinci komponent isə seçilmiş ali təhsil müəssisələrimizdə ya yeni yaradılan ixtisas sahələrinin ehtiyaclarını ödəmək, ya da mövcud olan, lakin bu gün dünya səviyyəsində olmayan fəaliyyətin təşkil edilməsi üçün professorların gətirilməsidir. Bununla biz universitetlərimizdə tədrisin keyfiyyətinə müsbət təsir etmiş oluruq. Digər tərəfdən bu alətlə proqramdan faydalanan tələbələrin sayını genişləndiririk”. APA