Şuşada şəhid olan Zaurun Antalyadakı iş yoldaşlarından duyğu dolu sözlər - FOTOLAR


2019-cu ildə Antalyanın Kəmər rayonunda yerləşən otellərdən birində animator kimi çalışan Zaur Dövlətov bu il sentyabrın 27-də müharibənin başlaması ilə Türkiyədə işlədiyi otelə gedib, dostları, iş yoldaşları ilə vidalaşır. Daha sonra könüllü olaraq Azərbaycan Ordusuna qatılmaq üçün müraciət edir. Nəhayət 5 oktyabrda orduya qatılır.
Yeniavaz.com xəbər verir ki, Zaur Dövlətovla bağlı Türkiyə mətbuatında yazı yayımlanıb. Həmin yazıda Türkiyədəki iş yoldaşlarının Zaurla bağlı xatirələri yer alıb.
Zaur Dövlətov 2019-ci ildə Türkiyədə yerləşən 5 ulduzlu otellərdən birində işə başlayır. Qısa vaxtda, səmimiyyəti və təmiz qəlbi ilə bütün iş yoldaşlarının sevimlisinə çevrilir. Zaur müxtəlif səbəblərdən bir müddət oteldəki işlərinə fasilə verir ancaq iş yoldaşları ilə münasibətləri o qədər yaxşı idi ki, tez-tez görüşür, söhbət edirlər.

Nəhayət sentyabrın 27-də müharibənin başlaması ilə Zaur iş-gücünü atıb könüllü olaraq orduya qatılmaq qərarına gəlir. Bu səbəblə yenidən işlədiyi otelə qayıdıb, köhnə dostları ilə vidalaşır və söz verir ki, əgər sağ qayıtsa növbəti sezonda yenidən onlarla birlikdə işləyəcək. Otelin idarə heyətinin sədri Mustafa Kılıç həmin anları belə xatırlayır:
“Dedim Zaur hara gedirsən, qal bizimlə işlə. O isə cavab verdi ki, torpaqlarımız işğladan azad edilir. Müharibəyə qatılmalıyam. Nə qədər israr etdimsə xeyri olmadı. Sağ-salamat qayıdarsa 2021-də gələcəyini bildirdi”

Müharibəyə qatılan Zaur Dövlətov bir çox döyüşdə iştirak edir. Nəhayət ən son Şuşa uğrundakı döyüşlərə də qatılır. Noyabrın 9-da, atəşkəsə bir gün qalmış ağır yaralanır. Təcili xəstəxanaya çatdırılsa da  Zaur 12 noyabrda şəhid olur. Bu xəbəri eşidən oteldəki iş yoldaşları gözyaşlarına boğulur. 5 ulduzlu otelin idarə heyətinin sədri Mustafa Kılıç Zaur haqqında bu sözləri yazır:
 “2019-dan şirkətimizdə işləyib, hər kəs tərəfindən çox sevilən təqdir edilən, həqiqi bir Azərbaycan türkü idi. Hər kəsin işinə yardım edər, heç kəsin qəlbini qırmazdı. Təmiz qəlbli qəhrəman biri idi.

Zaurun ən yaxın dostlarından biri də otelin məlumat mərkəzində çalışan Anastasiya Selutina idi. O, Zaurla iki il əvvəl tanışdığını deyir:
“2 il əvvəl eyni otelə iş üçün gəlmişdik. Çox yaxşı, təmiz qəlbli biri idi, yaxşı dost idi. İndi danışmaqda çətinlik çəkirəm. Bir yerdə işləmişik. Nə vaxt istəsək bizə kömək edirdi. Ailəsi həqiqətən çox yaxşı bir insan yetişdirib. İki ay əvvəl bizə gəlmişdi, onu görəndə çox sevinmişdim. Uzun-uzun söhbət etdik. Yenə bizimlə işləməsini mən də təklif etdim amma o başqa yol seçdi. Növbəti sezonda gələcəyini bildirmişdi. Müharibəyə gedəndə məna mesaj yazdı. İndi göz yaşlarımı saxlaya bilmirəm”.
 
 

DİGƏR XƏBƏRLƏR

Top