İsveçrədə katolik kilsəsini tərk edənlərin sayı rekord həddə çatıb


İsveçrədə katolik kilsəsini tərk edənlərin sayı ötən il rekord həddə çatıb.

AZƏRTAC xəbər verir ki, İsveçrə Pastoral-Sosioloji İnstitutu ötən il 31772 şəxsin rəsmi şəkildə Roma-katolik kilsəsindən ayrıldığını elan edib. 2018-ci ildə isə bu göstərici 25366 nəfər olub.

İnstitutdan bildirilib ki, ən “mömin“ insanlar Cenevrə, Noyenburq, Vaadt və Vallis kantonları sakinləri sayıla bilər, belə ki, ötən il bu kantonlarda kilsədən ayrılanların sayı cüzi olub. Bazel şəhəri kantonunda isə ölkə üzrə ən yüksək göstərici qeydə alınıb, burada Roma-katolik təriqətinə mənsub xristianların 4,9 faizi ötən il kilsədən üz döndəriblər. Sonrakı yerlərdə Aarqau (2,2 faiz) və Soloturn (2,1 faiz) kantonları dayanır.

Qeyd edilib ki, kilsədən ayrılma üçün əsas səbəb kimi insanların ötən illərdə kilsəyə inamının azalması, sui-istifadə hallarına dair qalmaqallar, kilsənin cinsi əxlaq mövzularında apardığı debatlar səbəb olub. Xüsusilə vurğulamaq lazımdır ki, insanların kilsədən ayrılmasının əsas səbəblərindən biri də maliyyə ilə əlaqədardır. Almaniya və Avstriyada olduğu kimi İsveçrədə də kilsədə qeydiyyatda olan şəxslər illik gəlirlərinin səviyyəsindən asılı olaraq kilsə vergisi ödəyirlər və bu vəsaitlər də kilsə və monastrların saxlanması, xeyriyyə tədbirlərinin keçirilməsinə sərf olunur. Kilsə vergisini izafi xərc kimi dəyərləndirənlər isə müxtəlif bəhanələrlə bu vergidən can qurtarmağa çalışırlar və buna görə də kilsədən rəsmi olaraq ayrılırlar. Bu addım həmin şəxslərin öz dinindən imtina etməsi anlamına gəlmir.

DİGƏR XƏBƏRLƏR

Top