Dayanma və ya durma qaydalarının pozulmasına görə cərimələr kəskin artıb - RƏQƏMLƏR


Bu ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2 milyon 846,5 min olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xətaların 34,4%-i yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 20,7%-i dayanma və ya durma qaydalarının pozulması, 8,7%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 %-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1%-i epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2%-i icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Məlumat üçün bildirək ki, 2 il əvvəllə müqayisədə dayanma və ya durma qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr ötən ildən başlayaraq kəskin artıb. Bu ilin ilk 9 ayında dayanma və ya durma qaydalarının pozulmasına görə 589 min 225 inzibati xəta qeydə alındığı halda, 2018-ci ilin ilk 9 ayında bu göstərici 271 min 446 olub.
Onu da bildirək ki, 2 il əvvəllə müqayisədə cərimələrin ümumi miqdarı da artıb. Belə ki, 2018-ci ilin ilk 9 ayında qaydaların pozulmasına görə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top